09 fevral 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Norveçin “Asker Turnforening” bədii gimnastika klubunun Baş məşqçisi Bente Buaneslə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Bakıda keçirilən təlim-məşqlərə neçə gimnast cəlb olunub?
Budəfəki məşqlərə 4 gimnast.
- Burada hansı yarışlara hazırlaşırsınız?
Biz fevralın sonunda keçiriləcək “Miss Valentine” adlı Qran-Pri yarışında və beynəlxalq turnirdə iştirak etməyi planlaşdırırıq. Bundan sonra bir neçə Dünya Kuboku olacaq. “Skandinaviya” çempionatında iştirak isə bu yaz bizim ən böyük hədəfimizdir.
İdmançılarınızın son dövrdəki nailiyyətləri barədə məlumat verərdiniz.
Ötən il Yaponiyada keçirilən dünya çempionatında kifayət qədər yaxşı nəticələrimiz oldu. Deyərdim ki, bu uğur Norveçin son 30 ildə qazandığı ən yüksək nailiyyətdir. Məqsədimiz bundan sonra da uğurlu çıxışları davam etdirməkdir.
- Bildiyimizə görə, bu, sizin Azərbaycana ilk səfəriniz deyil.
Bəli, bu doğrudur.
- Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik.
Paytaxtınız ilk dəfə burada olduğum dövrdən indiyədək çox dəyişib. Səhv etmirəmsə, 2007-ci ildə burada olmuşam. Şəhəri çox bəyənirəm. Milli Gimnastika Arenasının məşq zalı isə möhtəşəmdir. Yeni məşq zalı da çox gözəldir. Burada yüksək səviyyəli şərait mövcuddur.
- Təlim-məşq toplanışı üçün nədən məhz Azərbaycanı, Milli Gimnastika Arenasını seçməyinizin səbəbini soruşmaq istərdik.
Seçimimiz ilk növbədə burada olan yüksək səviyyəli şərait və qonaqpərvərliklə bağlıdır. Uzun illər əvvəl Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva Norveçə gəlmişdi və o vaxtdan bizim sıx dostluğumuz yarandı. Mən onun işinin böyük pərəstişkarıyam. Bu amillərə görə Bakıya səfər etmək bizim üçün çox xoşdur.
- Azərbaycan gimnastları barədə nə deyə bilərsiniz?
Onlarda böyük inkişaf hiss olunur. İki gün əvvəl böyüklərdən ibarət qrup komandasının çıxışını izlədim. Azərbaycanlı gimnastların çox maraqlı proqramı var. Onların builki yarışlarda necə çıxış edəcəklərini görmək çox həyəcanlı olacaq. Düşünürəm ki, bu, gənc heyətdir. Hazırda hamı yeni qaydalar üzərində işləyir. Bunun necə olacağını biz qarşıdakı yarışlarda görəcəyik. Çünki bu növdə artistizm hərəkətlərinə daha çox diqqət yetiriləcək. Bu baxımdan Azərbaycan gimnastlarının çıxışlarını izləmək maraqlı olacaq. Çünki düşünürəm ki, onların artistizm üzrə qabiliyyətləri daha yüksəkdir.