15 mart 2017
İdman gimnastikası üzrə yarışlarda “AGF Trpophy”nin ötənilki qalibi, Özbəkistanı təmsil edən Oksana Çusovitina öz nəticəsini təkrar etmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə idmançı özü deyib.
Onun sözlərinə görə, o öz çıxışlarını başa vurmağa hazırlaşmır: “Demək olar ki, bu mənim işimdir, mən bunu sevə-sevə edirəm. İstənilən an, yorulduğumu hiss etsəm, mən dayana bilərəm. İndi hələlik məndə digərlərindən pis alınmır, niyə də davam etməyim”.
Gimnast bildirib ki, bu il o dayaqla tullanmada və tir üzərində çıxış edəcək. Nəticələrə gəldikdə isə idmançı öz gözləntilərini açıqlamayıb: “Mən əvvəlcədən danışmaq istəmirəm. İstəyirəm elə çıxış edim ki, bu həm zala, həm də mənim məşqçimə xoş getsin. Bu il kifayət qədər ciddi rəqabət var. Hər bir gimnast potensial rəqib ola bilər. Ona görə meydançada bütün qüvvə ilə çıxış etmək lazımdır”.
“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il