15 mart 2017
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda gimnastlar tamaşaçılar üçün şou mühitinin yaradılması məqsədilə əlindən gələni edəcək.
Bunu Trend-ə əfsanəvi rumıniyalı gimnast, üçqat Olimpiya çempionu Katalina Ponor deyib.
O bildirib ki, Dünya Kubokundan gözləntiləri yüksəkdir: “Mənim üçün əsas odur ki, zədə olmasın. Bu, Rumıniyadakı Avropa çempionatına hazırlaşmaq üçün yaxşı mərhələdir”.
Gimnast Bakıya ilk dəfə gəldiyini deyib: “Bu yarışlar üçün qeyri-adi işıqlandırma seçilib. Tamaşaçılar üçün bu, çox baxımlı olacaq. Gimnastlar üçün bir qədər qeyri-adi olsa da, biz əlimizdən gələni edəcəyik ki, şou təşkil edək”.
K.Ponor heç kimi öz rəqibi kimi görmədiyini deyib: “Biz hamımız dostuq, bir-birimizi dəstəkləyirik, tez-tez görüşürük. Ona görə bu yarışa rəqabət kimi baxmırıq”.
Olimpiya çempionu etiraf edib ki, 2007-ci ildə karyerasını başa vurduqdan sonra böyük idmana qayıtmaq çətin olub: “Bu, böyük fasilə idi. Geri qayıtmaq və eyni səviyyədə qalmaq çox çətindir. Amma mən bunun üçün çalışıram. Mən iddialıyam və nəticə əldə etmək niyyətindəyəm”.
“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il