07 avqust 2023
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq toplanışında iştirak məqsədilə ölkəmizə səfər edən Filipinin bədii gimnastika üzrə yığma komandasının məşqçisi Dora Vass ilə müsahibəni təqdim edir.
- Dora xanım, Azərbaycana xoş gəlmisiniz. Burada məşqlər necə keçir?
- Buraya keçən həftə gəlmişik. Səhv etmirəmsə, bu, bizim artıq 4-cü məşq günümüzdür. Buradakı şəraitimiz əladır. Xalçalarda sərbəst məşqlər edə bilirik. Peşəkar mütəxəssislər bizə məşq prosesində yaxından kömək edirlər.
- Burada nə üzərində işləyirsiniz?
- Hazırda mövsümün ortasındayıq. İki həftədən sonra Valensiya şəhərində keçiriləcək dünya çempionatına hazırlaşırıq. Çıxış proqramı, çətin və riskli elementlər üzərində işləyirik.
- Qarşıda sizi daha hansı yarışlar gözləyir?
- Qeyd etdiyim kimi, hazırda növbəti yarışlara hazırlaşırıq. Doğma şəhərim Budapeştdə (Macarıstan) “Gracia Fair Cup” turniri olacaq. Əlbəttə ki, bu, FIG tərəfindən keçirilən kiçik yarışdır. Daha sonra dünya çempionatında iştirak üçün - Valensiyaya yola düşəcəyik. Dünya çempionatından sonra mövsüm bitmir. Gimnastların əksəriyyəti Avropada qalır. Qarşıda bizi oktyabr ayında Çində keçiriləcək Asiya Oyunları gözləyir.
- Məşqlərdə iştirak edən yetirmənizin hansı uğurları var?
- Bu il onda böyük irəliləyişlər var. Əvvəlki illərlə müqayisədə o daha da inkişaf edib. Bizim üçün vacib yarışlardan biri olan Asiya çempionatında 9-cu yeri tutub. Bu, ötən ilin nəticələrindən yaxşıdır. Bundan çox məmnunam. Çünki rəqiblər arasında Özbəkistan, Qazaxıstan, Yaponiya və Çin kimi çox güclü ölkələr var idi. Onlar arasında 5-ci olmaq kifayət qədər böyük nailiyyətdir. Məhz buna görə də biz komanda ilə dünya çempionatında fərdi şəkildə iştirak edə bilərik.
- Ötən il də paytaxtımızda təlim-məşqlərdə iştirak etmişdiniz. Buradakı məşqlər nə ilə fərqlənir?
- Mən demək olar ki, burada böyümüşəm. Hələ gimnast olanda Milli Gimnastika Arenasının açılış mərasimində iştirak etmişəm. Bu Arena mənim doğma evim kimidir. Ona görə də özümü əcnəbi ölkədəki kimi hiss etmirəm. Qeyd edim ki, təəssüf ki, bizdə burdakı kimi şərait yoxdur.
- Zəhmət olmasa, Azərbaycan haqqında təəssüratlarınızı da bizimlə bölüşərdiniz.
- Bakıya dəfələrlə səfər etmişəm. Deyə bilərəm ki, son 15 ildə paytaxtınız çox dəyişib və çox möhtəşəm bir şəhərə çevrilib.