İdman

gimnastikadan

başlayır

Polina Beryozina: “İstərdim ki, İspaniyada da belə bir gimnastika mərkəzi olsun”

16 fevral 2022

Polina Beryozina: “İstərdim ki, İspaniyada da belə bir gimnastika mərkəzi olsun”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bədii gimnastika üzrə İspaniya yığma komandasının üzvü Polina Beryozina ilə müsahibəni təqdim edir.  
- Azərbaycana xoş gəlmisiniz. Təlim-məşq toplanışlarında iştirakınız barədə məlumat verərdiniz. 
- Azərbaycana məşqçim və digər gənc gimnastla birgə gəlmişik. Bakıya səfərimizin məqsədi təcrübə toplamaq, peşəkarlarla işləmək, Azərbaycanın ən yaxşı gimnastlarından öyrənməkdir. Burada məşq etmək  mənim çox xoşuma gəlir. Artıq bir neçə gündür ki, məşq edirəm. Kifayət qədər yeni məlumatlar əldə etmişəm. Ümid edirəm ki, bu təcrübə idmanda, həyatda və məqsədlərimə çatmaqda mənə çox kömək edəcək.
- Bu sizin Azərbaycana ilk səfərinizdir? 
Bu, mənim Bakıda ilk təcrübəm deyil. Bakıda mütəmadi olaraq Dünya kubokları keçirilir və son 3-4 ildə demək olar ki, hamısında iştirak etmişəm. Bu yarışlarda iştirak etməyi çox xoşlayıram. 
- Buradakı şəraiti necə dəyərləndirirsiniz?  
Buradakı şərait sadəcə qüsursuzdur. Çoxlu gimnastlar birlikdə təcrübələrini paylaşırlar. Kifayət qədər məşq xalçaları var. Peşəkar xoreoqraflar, fizioterapevtlər - hamı burada böyük bir komanda kimi çalışır. Onlar elə gözəl şəraitdə işləyirlər ki, demək olar ki, heç nə əksik olmur. İstərdim ki, İspaniyada da belə bir gimnastika mərkəzi olsun.
- Pandemiya dövründə yarışlara hazırlığını necə dəyərləndirirsiniz? 
2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar hər yer bağlı olduğu üçün 3 ay evdə qalmalı olduq. Məşq etmək çox çətin idi, şərtlər demək olar ki, dözülməz idi. Amma qarşıda məni Olimpiya Oyunlarına seçmə yarışlar gözləyirdi. Buna görə də məşqləri davam etdirmək, bu vəziyyətdən çıxmaq üçün özümdə güc tapdım. Karantindən çıxan kimi işlər sürətlə getməyə başladı. Çünki istəklərim və planlarım var idi. Həqiqətən, deyə bilərəm ki, bu 3 ay bizə düşünmək üçün vaxt verdi. Biz arzu və məqsədlərimiz barədə fikirləşmək imkanı qazandıq. Həqiqətən idmanla məşğul olmaq istəyirik, yoxsa yox? 
- Qarşıdakı planların nədən ibarətdir? 
İndi mənim gələcəklə bağlı əsas planlarım qarşıdakı yarışlara yaxşı hazırlaşmaqdır. Gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarına seçmə yarışlar keçiriləcək. Çox istərdim ki, İspaniya üçün lisenziya qazanım.