11 mart 2017
Bakıda gimnastika yığmaları üçün əla şərait yaradılıb və tez-tez bura gəlmək istərdik.
Bunu Trend-ə Qazaxıstanın idman gimnastikası üzrə milli yığmasının baş məşqçisi Aleksandr Kim deyib.
Onun sözlərinə görə, Qazaxıstan Dünya kubokunda milli yığmanın 4 gimnastı ilə təmsil olunacaq:
"Bizim komanda ilk dəfədir ki, Bakıda keçiriləcək Dünya kubokunda iştirak edir. Buraya Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə gəlmişik. Azərbaycan Gimnastika Federasiyası ilə çox yaxın əlaqələrimiz var. Bədii gimnastika üzrə təmsilçilərimiz tez-tez buraya gəlirlər. Burada çox yaxşı şərait var. Əgər uğurla çıxış edə bilsək, Azərbaycana daha tez-tez gələcəyik".
A.Kim bildirib ki, Qazaxıstan idmançıları Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydalarına əsasən yeni proqramla çıxış edəcəklər:
"Bakıda artıq bir həftədir ki, məşq edirik. Məşq üçün yaradılmış əla şəraitə görə, təşəkkür edirik. Biri-birimizə baxaraq və nəyisə öyrənərək məşq etməyimiz çox yaxşıdır".
“Trend” İnformasiya Agentliyi, 11 mart 2017-ci il