İdman

gimnastikadan

başlayır

Serbiya Gimnastika Federasiyasının prezidenti gimnastlarımıza ustad dərsi keçib

15 may 2024

Serbiya Gimnastika Federasiyasının prezidenti gimnastlarımıza ustad dərsi keçib

Serbiya Gimnastika Federasiyasının prezidenti, bədən tərbiyəsi üzrə elmlər doktoru Saşa Veliçkoviç Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə ustad dərsi keçib. Görüş zamanı o, kişi idman gimnastları üçün bu növ üzrə xüsusi məşq hərəkətlərinin təqdimatını həyata keçirib. Ölkəmizə sayca 5-ci səfəri olan Saşa Veliçkoviçlə həmsöhbət olarkən o, Azərbaycanın gimnastika təcrübəsi, eləcə də arenamız haqqında fikirlərini bizimlə bölüşdü. 
“İlk dəfədir ki, burada dərs keçirəm. Çox gözəl, əsl çempionlara layiq mərkəziniz var. Yaxşı məşqçi və mütəxəssislərinizin olduğu artıq mənə məlumdur. Bir çox məşqçiyə təlim keçmişəm və aydın olub ki,  Azərbaycanda gimnastikanın inkişafı yüksək səviyyədədir. Budəfəki ustad dərsimizdə gimnastların bələd olduğu hissələr də var idi, düşünürəm ki, gənc gimnastlarımız üçün vacib olan şeyləri təkrarlamaq həmişə lazımdır. Azərbaycanla güclü dostluğumuz var. Azərbaycan Gimnastika Federasiyası, Gənclər və İdman Nazirliyi Serbiyada gimnastikanın inkişafına böyük dəstək göstərib. Bunun üçün sizə çox təşəkkür edirəm. Sadə bir mühazirə keçirməklə bizə göstərilən dəstəyə qarşılıq vermək istədim.”
Serbiya Gimnastika Federasiyasının prezidenti cənab Saşa Veliçkoviç arenada çempionlar yetişdirmək üçün lazım olan bütün şəraitin mövcud olduğunu düşünür. İdmançılarımızın onda yaratdığı təəssürat haqqında da qısaca danışdı. 
“Uşaqlarınız istedadlıdır. Sizin çalışqan xalq olduğunuzu bilirəm. Çalışqanlıq yüksək nəticələr əldə etməyin, çempion olmağın ən etibarlı yoludur.”
Gimnastlarımız haqqında yüksək fikirdə olduğunu bildirən cənab Saşa Veliçkoviçlə həmsöhbət olduqdan sonra idmançılarımızın da fikirlərini öyrəndik. 
 “İndiyə qədər bir çox ustad dərsində iştirak etmişəm. Deyərdim ki, onlar içində ən maraqlısı bu oldu. Çünki bu təlim zamanı xeyli sayda yeni hərəkətlərlə tanış oldum. Düşünürəm ki, bu cür ustad dərsləri həm gənc, həm də böyük gimnastların inkişafına dəstək olur. Elə hərəkətlər oldu ki, onları məşqlər zamanı mütləq sınayacağam” – deyə bildirən kişi idman gimnastı Əhmədzadə Rəsul öz təəssüratlarından danışdı. 
 “Çox sayda ustad dərsində yer almış biri kimi deyə bilərəm ki, idman karyeramın əvvəllərində bu tip maarifləndirici görüşlərdə iştirak etmək inkişafıma xeyli töhfə verib. Mən inanıram ki, bizim gənc idmançılarımızın biliklərinin artırılmasında bu təlim xüsusi rol oynayacaq “ – deyə kişi idman gimnastı Əlizadə Aydın müsahibəsində bildirdi. 
Ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial media platformalarımızda da izləməyi unutmayın.