09 fevral 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Türkiyənin “Ritmika” gimnastika klubunun məşqçisi Nihan Özkan ilə müsahibəni təqdim edir.
- Nihan xanım, Azərbaycana xoş gəlmisiniz. Təlim-məşqlərin gedişatı barədə məlumat verərdiniz.
Bakıya səfər edən “Ritmika” bədii gimnastika idman klubunun tərkibində mənimlə yanaşı bir məşqçi və 9 idmançı yer alıb. Gimnastlarımız gün ərzində iki dəfə məşq edirlər, səhər və axşam. Məşqimiz təxminən 8 saat davam edir. Milli Gimnastika Arenası çox gözəldir. Burada idmançılar üçün hər cür şərait var. Tibb məntəqəsi, yeməkxana, mexmanxana, gimnastika xalçası və s. Bizimlə mütəmadi olaraq maraqlanırlar. Əvvəllər də Bakıda səfərdə olmuşam. Azərbaycan mənim üçün doğma ölkədir. Məhz bu səbəbdən biz məşqlər üçün yenidən Bakını seçdik.
- Bu, sizin Azərbaycana neçənci səfərinizdir?
Bu, mənim fərdi olaraq 4-cü gəlişimdir. Amma təlim-məşqlərdə iştirakla bağlı 3-cü səfərimdir.
- Paytaxtımızın görməli yerlərini gəzmisinizmi?
Bakının görməli yerlərində olmuşam. Məşqlərin son günü uşaqlarla birlikdə yenidən gəzməyə çıxacağıq. Bakı çox gözəl, müasir şəhərdir. Uşaqlar da çox bəyənirlər və burada olduqları üçün çox xoşbəxtdirlər.
- Gimnastlarınızın nailiyyətləri barədə məlumat verərdiniz.
İdmançılarımız həm respublika, həm də beynəlxalq səviyyəli yarışlara qatılırlar. İndiyədək Türkiyədə və başqa ölkələrdə yarışlarda iştirak ediblər. Yerli və beynəlxalq yarışlarda bir sıra nailiyyətlər qazanıblar. Bu uğurları davam etdirmək üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik.
- İdmançı karyeranız barədə bir qədər məlumat verərdiniz.
5 yaşımdan bədii gimnastika ilə məşğul olmuşam. Uzun illər yığma komandanın tərkibində çıxış etmişəm. Daha sonra karyeramı məşqçi olaraq davam etdirməyə qərar vermişəm.
- “Ritmika” gimnastika klubunun gələcək hədəfləri nədən ibarətdir?
“Ritmika” gimnastika klubunun hazırkı hədəfi Türkiyədə keçiriləcək yarışlara hazırlaşmaq və beynəlxlaq arenada yüksək nailiyyətlər qazanmaqdır.
Əsas məqsədimiz idmançılarımızı peşəkar səviyyədə yetişdirməkdir. Bununla yanaşı, çalışırıq ki, idmançılarımız özlərinə inamlı olsunlar və güclü idman formasında qalsınlar.
- Azərbaycan gimnastları barədə fikirlərinizi bilmək istərdik
Azərbaycan gimnastları çox gözəl məşq edirlər. Biz onların məşqlərini demək olar ki, hər gün izləyirik. Onların yüksək bacarıqları, istedadları var. Fərqli proqramları mövcuddur. Onların çıxışlarını çox bəyənirik.
Müsahibə üçün çox sağ olun.
Təşəkkürlər. Sağ olun.