İdman

gimnastikadan

başlayır

UEG texniki komitənin rəhbəri: Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb

17 fevral 2017

UEG texniki komitənin rəhbəri: Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb

"Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təşkilatçıları böyük işlər görüb", bunu Trend-ə Avropa Gimnastika İttifaqının batut gimnastikası üzrə texniki komitənin rəhbəri Vladimir Zeman deyib.

O, hazırlığın yüksək səviyyədə olduğunu bildirib: “Zal və yarışlar üçün lazım olan hər şey yüksək səviyyədə hazırlanıb. İndi biz hazırlığın son mərhələsindəyik. Sabah yarışlar başlayır və biz hesab edirik ki, artıq hər şey hazırdır”.

Onun sözlərinə görə, yarışlar zamanı işıqlandırmanın sırf gimnastlara və idman alətlərinə yönləndirilməsi fikri kifayət qədər maraqlıdır: “Bu, çox maraqlı fikirdir, bir növ teatra oxşayır. Bizim idman növünə baxımlılıq çatışmır və bizə yeni üsullar lazımdır ki, tamaşaçılara maraqlı və yeni bir şeylər nümayiş etdirə bilək. Yarışlardan sonra biz idmançıların fikrini öyrənəcəyik, amma hələlik onlar bu yeniliyə etiraz etməyib”.

Batut gimnastikasında qayda dəyişikliklərindən danışan V.Zeman həmin addımın bu idman növünün inkişafı üçün atıldığını deyib: “Bu yeniliklər nəticələri daha obyektiv etməyə imkan verəcək. Üfüqi yerdəyişməni nəzərə alaraq, hakimlər idmançılara daha dəqiq xallar verə biləcək. Bakıda üfüqi yerdəyişmələr hakimlər tərəfindən qiymətləndiriləcək. Gələcəkdə isə bunun üçün xüsusi avadanlıq tətbiq olunacaq”.

“Trend” İnformasiya Agentliyi, 17 fevral 2017-ci il