05 noyabr 2018
Batutla gimnastikası üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirlər.
Komandanın üzvü Tristan Van Nattanın Trend-ə dediyinə görə, Milli Gimnastika Arenasında yaradılmış şəraitdən məmnundur:
"Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir. ABŞ-da da bu cür gözəl və rahat zalların daha çox olmasını istərdim. Belə bir zalda təlim-məşq toplanışını keçirmək çox xoşdur, burada bizim üçün lazım olan bütün şərait yaradılıb".
Tristan Van Natta vurğulayıb ki, təlim səmərəli keçir və ümid edir ki, noyabr ayında Sankt-Peterburqda keçiriləcək batut üzrə dünya çempionatında amerikalı gimnastlar yaxşı nəticə göstərəcəklər:
"Çempionat ərəfəsində çox həyacanlıyam. Bunun üçün ilboyu hazırlaşmışıq və yaxşı nəticə göstərəcəyimizə ümid edirəm".
Gimnast həmçinin komanda üzvlərinin şəhərdə gəzintiyə çıxdıqlarını və hər kəsin Bakının gözəlliyindən heyran olduğunu söyləyib.