31 oktyabr 2024
İrlandiyanın bədii gimnastika üzrə məşqçisi Anjelika Kniyevczki ilə hazırladığımız müsahibəni sizə təqdim edirik.
Bakıda təlim-məşq toplanışlarınız necə keçir?
- Mən özüm Braziliyadanam və Braziliya milli komandasının gimnastı olaraq 10 il fəaliyyət göstərmişəm. İndi İrlandiyanın Excel gimnastika klubunda məşqçilik edirəm. Gimnastlarım və mən burada olmaqdan çox xoşbəxtik, çünki bu bizim üçün böyük bir fürsətdir. Gimnastlarım ilk dəfə başqa bir ölkəyə təlim-məşq üçün gəlirlər və çox həyəcanlıdırlar. Hər şey inanılmazdır, gözlədiyimizdən də daha yaxşıdır. Sözlə ifadə etmək çətindir.
Bizim Milli Gimnastika Arenası haqda nə deyə bilərsiniz?
- Mənim fikrimcə, bu, həyatımda olduğum ən yaxşı arenadır. Çox yerləri görmüşəm, əsasən Dünya Kuboku yarışları üçün səyahət etmişəm, amma buradakı kimi bir yer görməmişəm. İki il əvvəl bura gəlmək mənim və gimnastlarımın arzusu idi. Onlarla iki ildir çalışıram və nəhayət, bu fürsəti dəyərləndirə bildik. İndi isə buradayıq.
Bakını gəzə bildiniz? Ən çox nə xoşunuza gəldi?
- Bakıda bir gəzintimiz oldu və mən ilk dəfədir ki, Azərbaycanda oluram. Həqiqətən bütün binalar çox gözəldir, inanılmaz bir yerdir. Şəhər çox gözəldir, insanlar çox mehribandır. İdman zalında olan hər kəs, həqiqətən, çox səmimidir. Çox sağ olun!