30 aprel 2024
- Salam. Zəhmət olmazsa, qısaca, özünüz haqqında məlumat verin.
Salam, mənim adım İlina Sokolovskadır. Bədii gimnastika ilə məşğul oluram və Makedoniyanı təmsil edirəm.
- Biz bilirik ki, bu, Bakıya ilk səfərinizdir. Zəhmət olmazsa, təəssüratlarınızı bizimlə bölüşərdiniz.
Dünən şəhər gəzintisində oldum. Memarlıq üslubu, köhnə, eləcə də yeni binalar məni heyran etdi. Yerli təamlar çox dadlı idi.
- Burada hansısa yarışlara hazırlaşırsınız?
Bu il Budapeşt şəhərində keçiriləcək Avropa Çempionatında iştirak edəcəyəm. Mənim üçün bu ilk olacaq. Hələ ki başqa bir yarış yoxdur.
- Sizə uğurlar arzulayırıq.
Təşəkkür edirəm.
- Necə düşünürsünüz, idmanda müvəffəqiyyətin açarı nədir?
Düşünürəm ki, bu, nizam-intizam və eyni zamanda idmana olan sevgidir. İdmanı sevmədən hər gün məşq edə və çətinlikləri keçə bilməzsiniz, çünki bu, həm fiziki, həm də psixoloji güc tələb edir.
- Təlim-məşq toplanışınız Milli Gimnastika Arenasında keçdi. Bəlkə bu haqda nəsə deyə bilərsiniz?
Buraya gələndə heyrətləndim. İlk dəfədir ki, bu cür arenada məşq edirəm. Mən əvvəl Almaniyada yaşayır və orada məşq edirdim. Məşq etmək üçün belə bir məkanımız yox idi. Məhz buna görə də mən orada çox məşq edə bilmirdim. Belə ki, ilk dəfə idi ki, bu cür çoxlu məşq edirdim. Mən bu fürsəti əldə etdiyim üçün çox minnətdaram və Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm.
- Burada gimnastikanın inkişafını necə qiymətləndirirsiniz?
Mən bura gələndə, arenanı və sizin nə qədər məşq etdiyinizi görəndə anlayıram ki, Azərbaycan bədii gimnastikanı, eləcə də gimnastları dəstəkləmək üçün böyük səy göstərir.