18 iyul 2023
Hər birinizi salamlayıram. Mənim adım Nikol Qrant-Braundur. Yamayka Həvəskar Gimnastika Assosiasiyasının prezidenti vəzifəsində çalışıram. Gimnastika üzrə şəxsi zalım var. Mən buraya gimnastlarla birgə gəlmişəm. Paytaxtınıza səfər etmək, gimnastika üzrə təcrübəmizi artırmaq həqiqətən çox xoşdur. Komandamızın heyəti idman gimnastlarından ibarətdir. Burada keçirilən təlim-məşq toplanışında iştirak etməkdən çox məmnunuq.
Komandanızın heyəti neçə nəfərdən ibarətdir?
Komandamızın heyətində 4 gimnast yer alıb. Onlardan 3-ü gənclər yaş kateqoriyasına aiddir. Onlar hazırlıq səviyyələrini artırmaları üçün çoxlu məşq etməlidirlər. Burada şərait çox gözəldir. Sevinirik ki, Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin üzvü Mariana xanım Vasilevanın dəvətini qəbul edib buraya gəlmişik. Burada biz idmançıların peşəkarlığının və gimnastikanın gözəlliyinin şahidi olduq.
Yamayka Həvəskar Gimnastika Assosiasiyası öz fəaliyyətini hansı istiqamətdə qurub?
Mən Yamaykada gimnastika məktəbini təmsil edirəm və işimdən məmnunam. Sevindirici haldır ki, burada məşq etmək şansı əldə etmişik. Hazırda qarşıdakı yarışlara hazırlaşırıq. Federasiyamızın daxilində işlərin həyata keçirilməsini təmin edən idarə heyətimiz mövcuddur. Lakin biz kiçik bir qurum olduğumuza görə bir qədər çətinlik çəkirik. Məsuliyyətimiz ikiqat artır. Çünki biz sadəcə olaraq funksional bir federasiya kimi fəaliyyət göstərməyə çalışırıq. Ölkənizdə hansı gimnastika növləri inkişaf edir? Ölkəmizdə idman gimnastikası, ümumiyyətlə, gimnastika bir idman növü kimi çox gəncdir. Deyə bilərəm ki, bu idman növü əsas növ kimi 2016-cı ildən inkişaf etməyə başlayıb. Biz təkmilləşməyə çalışırıq. Ardıcıl iki Olimpiya Oyunlarında Yamaykanı təmsil etmişik. Ölkəmizi təmsil edən hər iki gimnast əslən ABŞ-dandır və orada yaşayır. Yamaykada gənc gimnastlar nəsli yetişir. Əsas diqqət idman gimnastikasına yönəlib.
Burada hansı məşqləri keçdiniz?
İdmançılarımız buradakı məşqlərdə əsasən fiziki hazırlığa üstünlük verirlər. Qızlardan ibarət komandamızın üzvləri bir az zəifdirlər. Onlar fiziki hazırlıq baxımından özlərini təkmilləşdirməlidirlər. Çünki, idman gimnastikasında daha çox fiziki keyfiyyətlər tələb olunur. Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçi Olqa Barkalava gimnastlarımıza çox kömək edir, bu növün incəliklərini bizə başa salır və səhvlərimizi düzəldir.
Bu, Bakıya ilk səfərinizdir?
Bu, mənim Bakıya ilk səfərim deyil. Mən burada bir neçə il əvvəl Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində iştirak etmişəm. Burada mehriban münasibətlə qarşılaşmışam. Şəhər çox gözəldir. Paytaxtınızdakı tikililər göz oxşayır. Memarlıq heyrətamizdir. Şəhərdə gəzmək insana xüsusi zövq verir. Milli Gimnastika Arenası barədə fikirlərinizi bilmək istərdik. Belə bir böyük və möhtəşəm arena ilə rastlaşmamışam. Yamaykada milli stadionumuzla müqayisə etsəm, burada gördüklərim tam fərqlənir. Digər ölkələrdə də belə bir zala rast gəlməmişəm. Azərbaycanda gimnastikaya xüsusi diqqət göstərilir. Burada gənc gimnastlar üçün hərtərəfli şərait yaradılıb. Arenada gimnastika növləri, məsələn, idman gimnastikası ilə məşğul olmaq üçün hər bir alət mövcuddur. Bu, sadəcə heyrətamizdir.
Azərbaycan gimnastlarının təcrübəsindən yararlana bildinizmi?
Mən burada böyükyaşlı gimnastlar, eləcə də yeniyetmə idmançıların çıxışlarını izlədim. Onlar möhtəşəmdirlər. Gimnastların yüksək bacarıqları, texniki cəhətdən hazırlıqlı olmaları bizi heyrətləndirdi. Burada təşkilat yüksək səviyyədədir. Hazırlıq prosesində məşqçi Olqa Barkalova texniki aspektlər və fiziki hazırlıqla bağlı ətraflı məlumat verdi. Onun güclü məşq proqramı mövcuddur. Məncə, Azərbaycan gimnastikasının yüksək səviyyədə olmasının sirri davamlı və proqram əsasında fəaliyyətin mövcud olması ilə bağlıdır.