17 fevral 2017
"Bakıdakı Milli Gimnastika Arenası ən çox sevdiyim idman qurğularından biridir", bunu Trend-ə batut gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Yaponiya nümayəndə heyətinin başçısı Norifumi Yamamoto deyib.
O qeyd edib ki, Yaponiya komandası Dünya Kubokuna geniş heyətdə gəlib: “Biz ümid edirik ki, yarışlarda bütün qüvvəmizi göstərəcəyik. Ötən il biz Bakıda Dünya Kubokunda iştirak etmişik və hər şey xoşumuza gəlmişdi. Bu il qərara aldıq ki, daha geniş tərkibdə gələk. Ümid edirik ki, daha yaxşı çıxış edəcəyik”.
N.Yamamoto bildirib ki, Gimnastika Arenasında kürsü yüksəkdədir, ona görə də azarkeşlər və hakimlər yarışları daha rahat izləyə biləcək: “Bu arena dünyada ən sevdiyim idman qurğularındandır. Bu, 2017-ci ildə ilk yarışdır. Bəzi qaydalar dəyişib, ona görə də bu Dünya Kuboku bizim üçün çox vacibdir”.
“Trend” İnformasiya Agentliyi, 16 fevral 2017-ci il