AZE
İdman gimnastikadan başlayır

AGF Yeni il şousuna hazırlaşır

Yeni il nağıllar və möcüzələr bayramıdır. Dünyanın hər yerində bu günü insanlar yeni arzular, yeni ümidlərlə qarşılayır. Sirr deyil ki, bu bayramı daha çox həyəcanla gözləyən uşaqlardır. Hər il olduğu kimi, bu yeni il ərəfəsində də Azərbaycan Gimnastika Federasiyası öz azyaşlı tamaşaçılarını düşünərək, onlara maraqlı anlar bəxş etmək üçün artıq hazırlıqlara başlayıb.

24 dekabr - məhz bu tarixdə Milli Gimnastika Arenası əsl möcüzəvi bayram abu-havasına bürünəcək. Belə ki, gimnastika növləri üzrə yığma komandaların məşqçi və gimnast heyəti bir araya gələrək, bu dəfə hər kəsin illərdir sevə-sevə izlədiyi “Evdə tək” filmini arenada canlandıracaqlar. Xüsusi seçilmiş dekorasiyalar, rəngarəng geyimlər və sehrli qrimlərlə bəzədiləcək bu şounun iştirakçıları öz izləyicilərinə ən unudulmaz anlar yaşatmaq üçün böyük həvəslə hazırlaşırlar. Sujet xətti bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi ilə qurulmuş bu şouda yarış meydançasında görməyə öyrəşdiyimiz gimnastika ailəsi öz aktyorluq bacarıqlarını məhz sizlər üçün nümayiş etdirəcəklər.

Şouya biletləri arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 15, 20 və 30 manat təşkil edir.

Başlama vaxtı: 16:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası