26 may 2022
Aerobika gimnastikası üzrə yığma komandanın baş məşqçisi Marian Kolev Bakı Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatı və Bakı birinciliyinin yekunu ilə bağlı fikirlərini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
-Sevindirici haldır ki, yarışda çoxlu sayda idmançı iştirak edir. Ümid edirəm ki, növbəti illərdə onların sayı daha da artacaq. Yarış iştirakçıları arasında kifayət qədər perspektivli idmançılar var. İnanıram ki, gələcəkdə perspektivli yeniyetmə və gənclərimiz təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edəcəklər.
Bu il aerobika gimnastikası üzrə təmsilçilərimiz Portuqaliyada keçirilən Dünya kubokunda və Çexiyada təşkil olunan beynəlxalq turnirdə çıxış ediblər. Çexiyanın açıq beynəlxalq turnirində idmançılarımız 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Təxminən iki həftədən sonra bizi Portuqaliyada keçiriləcək dünya çempionatı gözləyir. Bu yarışda yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət komandamızın üzvləri mübarizə aparacaqlar. Nəticə barədə əvvəlcədən proqnoz vermək istəməzdim. Ümid edirəm ki, idmançılarımız proqramlarını lazımi səviyyədə nümayiş etdirə biləcəklər. Ümidvaram ki, onlar uğurla çıxış edərək titullarını qoruyacaqlar. Dünya çempionatında bu növdə güclü olan Ruminiya, İtaliya, Macarıstan, Bolqarıstan, Vyetnam kimi bir sıra ölkələrin təmsilçiləri mübarizə aparacaqlar.