İdman

gimnastikadan

başlayır

“İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir”

01 iyul 2022

“İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti İsrailin akrobatika üzrə qadınlardan ibarət milli komandasının məşqçisi Şiran Ouaknine ilə müsahibəni təqdim edir. 

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, səfərinizin məqsədi barədə məlumat verərdiniz. 
- Azərbaycana səfərimizin məqsədi burada təlim-məşqlərdə iştirak etməkdir. Qadınlardan ibarət yığma komandamızın üzvləri ABŞ-da keçiriləcək Dünya Oyunlarında İsraili üçlük proqramında təmsil edəcəklər. Biz bu yarışa ciddi hazırlıq prosesi keçirik. 
- Təlim-məşqlərdə iştirak edən  komandanızın heyətində neçə idmançı yer alıb? 
- Komandamızın tərkibi üç qadın və dörd kişi idmançıdan ibarətdir.
- Nə qədər müddətdir ki, məşqçilik edirsiniz? 
- 11 ildir ki, məşqçi kimi çalışıram. Əvvəllər isə qadın cütlüyü proqramında böyüklər yaş kateqoriyasına qədər yarışlarda gimnast kimi çıxış etmişəm.   
- İsraildə akrobatika gimnastikasının inkişafı barədə fikirlərinizi bilmək istərdik. 
- İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir. Bu növ üzrə çoxlu gimnastlarımız var. Bizim dünya və Avropa çempionu titulunu qazanmış idmançılarımız var. Onlar dəfələrlə İsraili müxtəlif yarışlarda təmsil ediblər. 
- Azərbaycana ilk dəfədir ki, səfər edirsiniz? 
- Xeyr. Üç ay bundan əvvəl dünya çempionatı zamanı və Avropa Oyunları keçirilərkən Bakıda olmuşam.
- Yeri gəlmişkən, Azərbaycanda keçirilən dünya çempionatında idmançılarınız necə çıxış etdi? 
- Yığmamızın üzvləri qadınlar arasında üçlük proqramında temp hərəkətlərində üçüncü oldular. Kişilər iki dəfə üçüncü yeri tutdular və bir gümüş medal qazandılar. 
- Milli Gimnastika Arenasında məşq etmək xoşunuza gəlirmi? 
- Arena çox böyükdür. Təəssüf ki, İsraildə belə bir idman zalı yoxdur. Bakı şəhəri çox xoşumuza gəldi. Çoxlu peşəkar gimnastlarınız var. Biz həqiqətən burada qalmağı çox sevirik.