03 avqust 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Misirin “Heliopolis” klubunun bədii gimnastika üzrə məşqçisi Hana Ornoti ilə müsahibəni təqdim edir.
- Hana xanım, Azərbaycana xoş gəlmisiniz. Özünüz barədə məlumat verərdiniz.
- Mən 11 ildir ki, Misirin “Heliopolis” idman klubunda bədii gimnastika üzrə məşqçilik edirəm. Hazırda 29 yaşım var və 2013-cü ildən etibarən komandanı məşq etdirirəm. Biz buraya, Azərbaycana ilk dəfədir ki, səfər edirik. Bakı çox gözəldir, bizdə böyük ruh-yüksəkliyi yaradır. Məşq etdiyimiz Milli Gimnastika Arenası çox möhtəşəmdir və hər bir şəraitlə təchiz olunub. Məşqçilər peşəkar, əhali qonaqpərvərdir, xüsusilə arenada olan hər bir şəxs hər zaman bizə yardımçı olmağa hazırdır.
- Komandanızın heyəti neçə idmançıdan ibarətdir?
- Komandamızın heyətində iki qadın idmançı yer alıb. Növbəti səfərimiz zamanı biz daha bir gimnastımızı məşqlərə gətirməyi planlaşdırırıq. Çünki buradakı məşqlər bizə böyük təcrübə qazandırır və həvəs yaradır. Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşmış məşqçilər mövcuddur. Rəqs-addımları, ritmik addımlar, xoreoqrafiya, bir sözlə, hər sahəyə uyğun məşqçilər var.
- Məşqlərinizə nə daxildir?
- Əvvəlcə bədii gimnastika üzrə müntəzəm məşqlər etdik. Xoreoqrafiya dərsləri keçdik. Sonra balet məşğələləri ilə birlikdə rəqs addımları üzrə məşqləri yerinə yetirdik. Daha sonra xoreoqrafiya ilə birgə rəqs dərslərini icra etdik. Müxtəlif xoreoqrafiya üslublarını təcrübədən keçirdik. Artistizm, eləcə də çıxış proqramının ardıcıllığı və fərqliliyini təmin etmək məqsədilə də məşqlər etdik.
- Misirdə bədii gimnastika necə inkişaf edib?
- Hazırda Misirdə bədii gimnastika çox inkişaf edib. Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti xanım Noha Abuşabana çox peşəkardır. O, bütün idman klublarında tətbiq olunan güclü bir sistem yaradıb. Misirdə bu növ üzrə beynəlxalq yarışlar və Afrika çempionatı keçirilib.
- Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmık istərdik.
- Azərbaycanın bədii gimnastikası çox tanınır. Bu sahədə böyük inkişaf var. Gimnastların əl və ayaq hərəkətlərinin səlis icrası, çox incə, nizam-intizamlı olmaları mənim çox xoşuma gəlir. Azərbaycanın məşqçi və idmançıları çox nizam-intizamlıdır. Bu növə böyük həvəsləri var. Onlar günün çox hissəsini məşq edirlər. Bu, bizi həqiqətən də təəccübləndirir. Həqiqətən də, gün ərzində arenada 10 saatdan çox vaxt keçirir, hər biri gülümsəyir və ən xırda çətinlik zamanı bizə kömək etməyə hazırdırlar.
- Yarışqabağı hansı məşqləri keçməyə üstünlük verirsiniz?
- Hər gün balet dərsləri keçməyi və gündə 6 saatdan çox məşq etməyi üstün tuturam. Məşq etmək üçün daha peşəkar məkanlara, məsələn Azərbaycana gəldiyim kimi təlim-məşq toplanışınlarına qatılmağa üstünlük verirəm.
- Sizcə peşəkar idmançı hansı xüsusiyyətlərə malik olmalıdır?
- Yaxşı idmançı olmaq üçün nizam-intizam, sistemli gündəlik yaxşı məşqlər, eyni zamanda valideyn və məşqçinin dəstəyi lazımdır.
- İdmançıalara nəyi tövsiyə edirsiniz?
- Onlara tövsiyə edirəm ki, qaydalara əməl etsinlər, xüsusi pəhriz saxlasınlar, nizam-intizamlı və özünəinamlı olsunlar. Onlar mütləq bir gün istəklərinə nail olacaqlar.