01 iyul 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti İsrailin akrobatika üzrə kişilərdən ibarət milli komandasının məşqçisi Amir Mozes ilə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Komandanızın heyəti barədə məlumat verərdiniz.
- Komandamızın heyətində 7 gimnast yer alıb. Kişilərdən ibarət qrup komandası və bir üçlük - 4 kişi və 3 qadın. Biz burada Dünya Oyunlarına hazırlaşırıq.
- Komandanızın hazırlıq prosesi necə gedir?
- Dünya Oyunları bizim üçün böyük idman tədbiri hesab olunan ciddi bir yarışdır. Buraya ona görə gəlmişik ki, şərait çox yaxşıdır. Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İradə Qurbanova hazırlıqla bağlı bizə çox kömək göstərir. Arenada qalaraq zalın daxilində mövcud olan bütün avadanlıqlardan istifadə etmək, xüsusilə də, yerli məşqçilərin bizə dəstək olması bizim üçün həqiqətən çox faydalıdır.
- Dünya Oyunlarında əsas rəqibləriniz kimlər olacaq?
- Bizim yarışda əsas rəqiblərimiz Belçika, Böyük Britaniya və Ukrayna komandaları olacaq. Hazırda dünyada bütün kişi qrupları çox güclüdür və bu baxımdan rəqabət çox güclü olacaq.
- Milli Gimnastika Arenası və paytaxtımızla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Təəssüratlarım çox yaxşıdır. Yeni tikilən zala ilk dəfədir ki, gəlmişik. Əvvəllər burada mövcud olan müvəqqəti quraşdırılmış köməkçi zalda məşq edirdik. Yaradılan şəraiti çox bəyənirik. İstirahət günümüzdə şəhər mərkəzinə getdik. Şəhər gəzintisindən böyük zövq aldıq. Həmçinin sizin gimnastlarınız da bizə qoşuldu və birlikdə əyləncəli vaxt keçirdik.