16 fevral 2016
Azərbaycanın çox güclü gimnastları var - Yaponiya idmançısı
“Azərbaycanın digər idmançılara ciddi rəqib ola biləcək çox güclü gimnastları var,” bunu “Trend” İnformasiya Agentliyinə müsahibəsində idman gimnastikası üzrə üçqat Dünya Çempionu (sərbəst hərəkətlər və komanda hesabı) Yaponiya gimnastı Kenzo Şirai bildirib.
Sirainin sözlərinə görə, o, Bakıda keçirilən FIG Dünya “Challenge” Kubokunda çox yaxşı çıxış etmək niyyətindədir.
“Bu il Olimpiya ili olduğundan, mənim məqsədim bütün turnirlərdə uğurla iştirak etməkdir. Qarşıdan gələn Kubokda qızıl medal qazanmağa çalışacağam,” – deyə, o, bildirib.
Gimnast, həmçinin əlavə edib ki, onun yarışlarda əsas rəqibləri Yaponiya yığmasından olan komanda yoldaşlarıdır.
“Lakin Azərbaycanın da çox yaxşı gimnastları var. Oleq Stepko çox güclü gimnastdır, onun potensialı hələ Londonda keçirilmiş Olimpiya Oyunlarından bəllidir. Hesab edirəm ki, həmçinin o, da yarışlardakı əsas rəqiblərdən biridir”, - deyə, Şirai qeyd edib.
O, vurğulayıb ki, ümumilikdə, Yaponiya komandası Dünya Kubokunda birinci yeri qazanmaq məqsədini qarşısına qoyub.
“Eyni zamanda, hansı yeri tutmağımızdan asılı olmayaraq, bizim üçün əsası odur ki, yarışlarda layiqli çıxış edək və nəyə qadir olduğumuzu göstərək”, - deyə, Şirai bildirib.
Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku keçən ilin yayında İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında 19-21 fevral tarixlərində keçiriləcək. Kubokda 19 ölkəni təmsil edən 44 kişi və 22 qadın gimnast yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə isə nümayəndə heyətlərinin tərkibində Bakıya 144 nəfər təşrif buyuracaq.
İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.
Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.
Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcəklər.
“Trend” İnformasiya Agentliyi, 16 fevral 2016-cı il