İdman

gimnastikadan

başlayır

“Azərbaycan Gimnastika Federasiyası bizə xüsusi diqqət ayırdı”

20 may 2022

“Azərbaycan Gimnastika Federasiyası bizə xüsusi diqqət ayırdı”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti gimnastika növlərinin inkişaf etdirilməsi məqsədilə ölkəmizə səfər etmiş Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin prorektoru və magistratura şöbəsinin müdiri Bəhram Musayevlə müsahibəni təqdim edir.
- Bəhram müəllim, zəhmət olmasa, Azərbaycana səfərinizin məqsədi barədə məlumat verərdiniz.
- Səfərimizin məqsədi Özbəkistanda parkur, “work-out”, idman gimnastikası kimi növlərin inkişaf etdirilməsi ilə bağlıdır. Bu məqsədlə biz Özbəkistanın iki müvafiq nazirliyinin dəstəyi ilə xüsusi elmi layihə seçmişik. Bunlar İnnovasiyalar Nazirliyi və İdmanın İnkişafı Nazirlikləridir.
- Burada hansı görüşlər keçirdiniz?
- Biz burada məşqçilərlə, Azərbaycanın aparıcı gimnastika məşqçiləri ilə  və təbii ki, idmançılarla görüşdük. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bizə böyük diqqət ayırdı. Orada biz universitetin rəhbərliyi, professor-müəllim heyəti ilə görüşdük və gələcək əməkdaşlığımızı ətraflı müzakirə etdik. Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası bizə xüsusi diqqət ayırdı. Özbəkistan və Azərbaycan tərəfi arasında belə bir görüşü təşkil etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Biz bir ümumi xeyirxah amala, növündən asılı olmayaraq, gimnastikanın inkişafına xidmət edirik. Hər zaman idmanın və yüksək keyfiyyətli təhsilin tərəfdarıyıq.
- Səfəriniz çərçivəsində hansı idman obyektlərində oldunuz?
- Əvvəlcə biz Milli Gimnastika Arenasında, sonra Akademiyanın idman zalında olduq. Akademiyanın bir neçə zalına da baş çəkdik. Bundan əlavə, Bakı Olimpiya Stadionunda olduq.
- Milli Gimnastika Arenası ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Arena müqayisəolunmazdır. Burada çox böyük imkanlar var, böyük sərmayə qoyulub. İlk növbədə deyim ki, MDB ölkələri arasında ümumiyyətlə, belə bir kompleks mövcud deyil. Biz bunu etiraf edirik.  Sizin böyük imkanlarınız, böyük perspektivləriniz var. Elə buna görə də, biz məhz buraya səfər etmişik.
- Özbəkistanda gimnastikanın hansı növləri daha çox inkişaf edib?
- Özbəkistanda gimnastikanın əksər növləri inkişaf edib. Daha çox inkişaf edən idman gimnastikası və bədii gimnastikadır. Qalanları isə qeyri-ənənəvi gimnastika növləridir. Onlar hər yerdə mentalitetə uyğun inkişaf edir.  Qızlar aerobika, şeypinq, xatxa-yoqa və s. idman növləri ilə məşğul olurlar. Hazırda çox dəbli bir tendensiya formalaşıb - gimnastrada. Bu növlə bütün yaş kateqoriyaları, hətta yaşlı insanlar, kişilər, qadınlar, gənc insanlar məşğul olurlar.
- Bildiyimizə görə, Azərbaycana ilk dəfədir ki, səfər edirsiniz? Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək istərdik.  
- Bu, mənim Azərbaycana ilk səfərimdir. Ümid edirəm ki, sonuncu olmayacaq. Təəssüratlarım çox gözəldir. Böyük ölkə, gözəl insanlar. Mentalitetiniz bizimlə oxşardır. Bizdə elə təəssürat yaranır ki, sanki başqa ölkəyə səfər etməmişik. Amma maddi-texniki baza, şəhər və insanlar tam başqa hisslər yaradır. Azərbaycan dilinin 70 faizə qədərini başa düşürəm. Demək olar ki, heç bir məhdudiyyətlə üzləşmirik. Biz bir-birimizi idmanda, təhsildə, texniki təminat məsələlərində və s. çox yaxşı başa düşürük. Bir sözlə, hər şey yüksək səviyyədədir.