İdman

gimnastikadan

başlayır

Səfir: “ABŞ-kı gimnastika arenaları Bakıdakı ilə müqayisə oluna bilməz”

06 mart 2016

Səfir: “ABŞ-kı gimnastika arenaları Bakıdakı ilə müqayisə oluna bilməz”

“Amerika gimnastları mənə dedilər ki, ABŞ-da heç bir gimnastika arenası Bakıdakı ilə müqayisə oluna bilməz”, bunu Trend İnformasiya Agentliyinə Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda Amerika nümayəndə heyətinin üzvləri ilə görüşən ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, gimnastika yarışlarını ilk dəfədir ki, arenadan izləyir.

"Mən bu idman növünü hələ öyrənirəm. Uzun illər əvvəl televizorda gimnastikaya baxmışdım, lakin yarışları canlı izləmək tamamilə başqa hissdir. Mən artıq bu idman növünün azarkeşinə çevrildiyimi hiss edirəm. Ümumiyyətlə, işimin ən əsas xüsusiyyətlərindən biri özüm üçün yeni və daha əvvəl etmədiyim şeyləri kəşf etmək və sınamaqdır. Həm İlk Avropa Oyunları zamanı, həm də bü gün Azərbaycanda idmanın real həyatda nə qədər vacib olduğunu görürəm", deyə, o qeyd edib.

Səfir azərbaycanlıların, könüllülərin, gənclərin öz ölkələrini necə təmsil etmələrindən və işlərini necə iftixar hissi ilə yerinə yetirmələrindən olduqca valeh olduğunu və bu barədə hətta Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə danışdığını bildirib.

Sekuta, həmçinin ABŞ idmançıları və nümayəndə heyəti üzvlərinin Bakıda keçirilən Dünya Kuboku ilə bağlı təəssüratlarını bölüşüb.

"Onlar mənə dedilər ki, daha əvvəl heç bir yerdə belə arena görməyiblər. Arena xüsusi olaraq gimnastlar üçün tikilib. ABŞ-da çoxlu arenalar var, hətta kiçik şəhərlərdə elə də böyük olmayan arenalar mövcuddur, lakin onların heç biri Bakıdakı ilə müqayisə edilə bilməz. Nümayəndə heyətimiz, həmçinin yarışların təşkilindən olduqca razıdır. Onlar məlumat verdilər ki, özlərini Dünya Kuboku mərhələsində deyil, Dünya Çempionatı kimi daha iri miqyaslı yarışlardakı kimi hiss edirlər", deyə, səfir qeyd edib.

“Trend” İnformasiya Agentliyi, 6 mart 2016-cı il