21 iyul 2016
“Azərbaycanda gimnastika çox gözəl inkişaf edir. İstərdim ki, bütün ölkələrdə belə olsun,” bədii gimnastika üzrə Finlandiya məşqçisi Larisa Qryadunova Trend-ə bildirib.
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku finalından danışan L.Qryadunova bildirib ki, Finlandiyanı ölkə çempionu Yekaterina Volkova təmsil edəcək: "Volkova Olimpiya oyunlarına lisenziya alıb, ona görə də Olimpiada öncəsi son yarış çox vacibdir. Biz proqramımızı yenidən yoxlamaq və bu yarışlarda olacaq səhvlərə diqqət ayırmaq istəyirik. Yəni Bakı tamaşaçıları Volkovanın Olimpiadada nümayış etdirəcək proqramını əyani görə biləcəklər".
Onun sözlərinə görə, Bakıda yarışlar üçün çox yaxşı şərait var: "Biz Bakıya ilk dəfə gəlmirik, burada gözəl zal, gözəl insanlar var. Əhali gimnastikanı sevir, burada gimnastika üçün çox şey edirlər. Ölkə bu idman növünü çox gözəl inkişaf etdirir. Çox istərdim ki, bütün ölkələrdə belə olsun”.
Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi 22-24 iyul tarixlərində Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.
Yarışda ümumilikdə 17 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq, Livan gimnastları da çıxış edəcəklər.
Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq.
Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konsert (24 iyul) gözləyir.
“Trend” İnformasiya Agentliyi, 21 iyul 2016-cı il