11 mart 2022
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında bürünc mükafatçıları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə medal sevinclərini bölüşüblər.
Murad Rəfiyev yarışlara yüksək səviyyədə hazırlaşdıqlarını və çıxışlarının uğurlu olduğunu bildirib: “Yarışa çox hazırlaşmışdıq. Üzərimizdə böyük məsuliyyət var idi. Dünya çempionatının doğma divarlar arasında keçirilməsi məsuliyyətimizi ikiqat artırır. Qarşımızda dayanan əsas məqsəd finala vəsiqə əldə etmək idi. Biz bunu bacardıq. Qarışıq hərəkətlər proqramında bürünc medala layiq görüldük. Rəqiblərimizdən çox az xalla fərqləndik. Artistizm və texniki hərəkətlərin icrasına görə demək olar ki, ABŞ komandası ilə eyni xalı aldıq. Çətinlik xalımızda kiçik fərq oldu”.
“Nəticəmiz daha da yaxşı ola bilərdi. Çox cüzi fərqlə rəqiblərimizdən geri qaldıq. Qarşıda bizi daha iki proqramda final çıxışları gözləyir. Çox istəyirik ki, qızıl və ya gümüş medal əldə edək. Ümid edirik ki, sabahkı çıxışlarımız da uğurlu olacaq”, - deyə Danil Abbasov qeyd edib.