İdman

gimnastikadan

başlayır

Estoniya nümayəndə heyətinin rəhbəri: Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb

16 iyul 2016

Estoniya nümayəndə heyətinin rəhbəri: Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb

“Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb,” bunu Trend İnformasiya Agentliyinə bədii gimnastika üzrə Dünya Kubokundakı Estoniya nümayəndə heyətinin rəhbəri Yanika Melder deyib.

"Biz Bakıya digər komandalardan bir az tez gəlmişik, çünki bura çox xoşumuza gəlir. Ötən il biz buraya iki dəfə gəlmişik. Bakı yarışlara hazırlaşmaq üçün çox yaxşı və sakit yerdir. Bakıdakı Milli Gimnastika Arenasında gözəl şərait var: zallar, qidalanma, həkimlər, masajçılar"- deyə, məşqçi bildirib.

Onun fikrincə, Estoniya təmsilçisi Karmel Kallemaanın Dünya Kubokunda əsas vəzifəsi səhvsiz çıxış etməkdir.

"Bizim əsas vəzifəmiz qarşıdakı yarışlarda səhvə yol vermədən çıxış etmək və bütün nəzərdə tutulan elementləri yerinə yetirməkdir. Rioda keçirilən test turnirində Karmel çox yaxşı çıxış etdi, lakin gürzlərlə çıxış zamanı səhvə yol verdi. Lakin, bu idmandır və burada hər şey ola bilər. Düşünürəm ki, biz kifayət qədər yaxşı hazırlaşmışıq və bunu göstərməyə çalışacağıq. Bu Dünya Kubokunun final mərhələsidir, buna görə də bizim üçün burada çıxış etmək vacibdir” – deyə, Melder qeyd edib.

Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi 22-24 iyul tarixlərində Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 31 gimnast və 12 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.

Yarışda ümumilikdə 20 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq, Livan gimnastları da çıxış edəcəklər.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

“Trend” İnformasiya Agentliyi, 15 iyul 2016-cı il