05 iyul 2024
Milli Gimnastika Arenasında qonaq olan Qambiyanın gənclər və idman naziri Bakari Badci ilə müsahibəni diqqətinizə çatdırırıq.
Milli Gimnastika Arenasına olan səfərinizdən sonra yaranan təəssüratlarınızı öyrənmək istəyərdik.
- Bu, indiyə qədər gördüyüm ən gözəl yerdir. Burada olmaqdan çox şadam. İnfrastrukturun mükəmməl olduğunu qeyd etmək istəyirəm. Burada hər şey mükəmməldir. Gimnastikanın inkişafı və məşqlərin ən yüksək səviyyədə aparılması üçün yaxşı imkanlar yaradılıb. Həm milli, həm də beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var.
Azərbaycana ilk səfərinizdir?
- Xeyr, ikincidir. Mən buraya ilk dəfə 2022-ci ildə gəlmişəm.
Ən çox yadınızda qalan məqamı qeyd edə bilərsinizmi?
- Çox gözəl və yaxşı insanlarınız var. Onlar çox mehribandırlar.
Gənc idmançılarımız haqqında nə düşünürsünüz?
- Qeyd etmək lazımdır ki, sizin güclü gənc idmançılarınız var. Bu gün burada olarkən 2022-ci ildə gördüklərimdən daha çox şey gördüm. İdmançılar dövlətin onlara necə qayğı göstərdiyini dilə gətirirlər. Beynəlxalq arenalarda keçirilən yarışlardan qələbə ilə qayıdırsınız. Bu, ölkənin öz idmançılarına olan qayğısının göstəricisidir.