07 oktyabr 2024
Oktyabrın 3-dən 6-dək Milli Gimnastika Arenasında keçirilən 3-cü beynəlxalq “Ocaq Kuboku” turnirinin iştirakçıları üçün ustad dərsləri keçirtmək məqsədi ilə Bakıya gələn Gürcüstanın bədii gimnastika üzrə məşhur nümayəndəsi Salome Pajave ilə müsahibəni sizə təqdim edirik.
Bakıdakı ustad dərsləri haqqında bizə məlumat verə bilərsinizmi?
- İlk dəfədir ki, Bakıda ustad dərsləri keçirirəm. Bu mənim üçün böyük şərəfdir. Azərbaycan Gimnastika Federasiyasına məni buraya dəvət etdiyinə, azərbaycanlı və əcnəbi gimnastlar üçün ustad dərsləri keçirməyi mənə etibar etdiyinə görə minnətdaram. Mən öz təcrübəmi uşaqlara çatdırmağa və onlara maraqlı hərəkətləri öyrətməyə çalışacağam. Düşünürəm ki, onlar da bu ustad dərslərindən zövq alacaq və əylənəcəklər.
Bakı, demək olar ki, sizin doğma şəhərinizə çevrilib. Siz bu haqda nə düşünürsünüz?
- Bakı mənim öz evim kimidir. Mən buraya gəlməyi çox sevirəm. Bu artıq neçənci ziyarətimdir, saya bilmirəm. Hər dəfə emosiyalara qapılıram. Bu gün zala daxil olanda sevincli anlar yadıma düşdü. Ən yadda qalanı isə Bakıda möhtəşəm keçirilən Birinci Avropa Oyunlarıdır. Mən həmişə deyirəm ki, bura yarışların keçirilməli olduğu şəhərdir, çünki burada təşkilatçılıq həmişə ən yüksək səviyyədədir.
Mən buraya gəlməyi sevirəm, Bakı isti və rahatdır, çoxlu dostlarım var. Hər biri çox dəyərlidir. Burada olmaq çox xoşdur.
Azərbaycanın gənc idmançıları haqqında nə deyə bilərsiniz?
- Mən bu gün yarışda iştirak etdim və demək istəyirəm ki, qimnastların səviyyəsi artmaqdadır. Sizin çoxlu yaxşı gimnastlarınız var, yaxşı nəsil yetişir. Ümid edirəm ki, zirvələrə çatarlar. Mən hər il Azərbaycanın daha da yüksəldiyini görürəm. Bu, məşqçilər korpusunun və federasiyanın böyük xidmətləri sayəsindədir.