17 yanvar 2025
Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti Rene Starçeviçlə hazırladığımız müsahibəni sizə təqdim edirik.
Azərbaycandakı təlim-məşq prosesi haqqında nə deyə bilərsiniz?
Əvvəlcə, dəvət üçün sizə təşəkkür edirəm ki, bizim AGF-yə gəlmək imkanımız oldu. Burada ideal şərait var. Biz çox çalışırıq, məşqlər aparırıq. Məşqçilər çox peşəkardır.
Qızlarımız çox vaxtını burada, xalçanın üzərində keçirirlər. Bu da hər birinin daha yaxşı gimnast olmasına kömək edəcək.
Bu, sizin ilk səfəriniz deyil. Yayda da burada olmusunuz.
Bəli, bu, bizim ikinci səfərimizdir. Biz yayda buraya gəlmişdik. Bosniya və Herseqovina nümayəndə heyəti olaraq təcrübəmiz möhtəşəm oldu.
Qızlarımız bir gün istirahət etdilər, muzeylərə getdilər, Bakının mərkəzini gəzdilər və hamısı buraya yenidən gəlmək istədiklərini dedilər. Biz məşqçilərdən dəvət aldıq ki, yenə gələ bilək və gələcəyik. Bura gözəl bir ölkə və gözəl şəhərdir.
Yeni qaydalar haqqında nə deyə bilərsiniz? Bu qaydalar çox çətinlik yaradacaq?
Kimsə deyə bilər ki, böyük dəyişikliklər yoxdur, amma əslində böyük dəyişikliklər var. Biz burada məşqçilərlə müzakirə aparırıq ki, yeni qaydaları daha yaxşı başa düşək, nə dəyişib, yeni nə var və s.
Burada sizin 10 idmançınız var. Təlim-məşq toplanışlarında daha çox nələri hədəfləmisiniz?
Burada 10 gimnastımız var. Onlar burada, Azərbaycanda məşq edirlər. Biz Avropa Çempionatına və böyüklər arasında keçiriləcək Dünya Çempionatına qatılmaq istəyirik. Bu il üçün bizim ən vacib yarışlarımız bunlardır.