25 yanvar 2025
Təlim-məşq toplanışı üçün Azərbaycana gələn “Ritmika Cimnastik Klubu”nun məşqçisi Nihan Özkan ilə müsahibəni sizə təqdim edirik.
Buradakı təlim-məşq toplanışları haqqında nə deyə bilərsiniz?
- Gimnastlarımızla birgə buraya təlim-məşqlər üçün gəlmişik. Buradakı atmosfer çox gözəldir. Çox böyük, geniş zaldır. Hər kəs çox yardımsevərdir. Həmçinin Federasiyada da elədir. Burada azərbaycanlı bir məşqçi ilə birlikdə məşqlər keçirik. Təxminən 7 günə yaxın burada olacağıq. İdmançılarımız gündə 2 dəfə məşq edirlər. Özümüzü inkişaf etdirmək və yarışlarda daha yaxşı performanslar sərgiləmək üçün belə məşqlər etməyi sevirik.
Gimnastlarınızdakı potensialı necə dəyərləndirirsiniz?
- Bizim idmançılarımızn gələcəyi çox parlaqdır. Türk idmançılar hazırda çox inkişaf etməkdədir. Ümid edirəm ki, 2028-ci il Olimpiadada yüksək nəticələr əldə edərik.
Türkiyədə gimnastikaya maraq necədir?
- Türkiyə Gimnastika Federasiyası gimnastikanı daha çox inkişaf etdirə bilmək üçün bir çox işlər görür. Türkiyə gimnastikası hörmətli Suat Çelen ilə birlikdə daha da irəlilədi. Çox gözəl təchizatlar quruldu. Bədii, batut, idman gimnastikasına çox yaxşı investisiyalar edildi. Buna görə də, idmançılarımız daha çox irəliyə gedir. Hədəfimiz böyükdür.