01 sentyabr 2024
Bakıya səfər edən Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Joustrand ilə hazırladığımız müsahibəni diqqətinizə çatdırırıq.
Son hazırlıqlarla bağlı nə deyə bilərsiniz?
- Bakıda Avropa Gimnastikasının Texniki Komitəsi ilə görüş keçiririk. Oktyabr ayının ortalarında burada baş tutacaq böyük tədbir üçün hazırlıqları yekunlaşdırırıq. Çox ruhlanmışıq və düşünürəm ki, artıq hazırıq.
Beynəlxalq yarışların təşkilatçılığı ilə bağlı təcrübəmiz barədə nə düşünürsünüz?
- Biz bilirik ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) bir çox dünya miqyaslı gimnastika üzrə yarışların təşkilatçısı olub. Bizim də texniki tərəfdən böyük təşkilatçılıq təcrübəmiz var. İndi isə "TeamGym" üzrə bu yarış ilk dəfə olaraq Bakıda - sizin arenada keçiriləcək.
"TeamGym" həvəskarları haqqında nə deyə bilərsiniz? Onlar bu idman növündə ən çox nəyi sevirlər?
- "TeamGym" çox maraqlı idman növüdür. Bu özündə yüksək temp və sürəti birləşdirir. Arenada da əla ab-hava yaradılıb. Oktyabr ayının ortalarında burada çoxlu azarkeşlər görəcəyik. Əminik ki, 6 həftədən sonra burada elə bir ab-hava yaranacaq ki, hər birimiz heyran qalacağıq.
Bu sizin Azərbaycana ilk səfərinizdirmi?
- Şəxsən mən beynəlxalq gimnastika yarışları ilə bağlı Azərbaycanda artıq bir neçə dəfə olmuşam. Lakin burada ilk dəfə Texniki Komitənin iclasını keçiririk.
Milli Gimnastika Arenası haqqında nə deyə bilərsiniz?
- Bu, çox böyük arenadır. "TeamGym" üzrə keçirilən həm məşq, həm də yarışlar üçün bu arena özünəməxsusluğu ilə seçilir. Yarışların problemsiz keçməsi üçün hər şeyi edəcəyik. İlk dəfədir ki, bu arenanın xeyli sayda hissəsi ilə tanış olmaq imkanım oldu. Bura o qədər geniş əraziyə malikdir ki, yalnız tamaşaçılar üçün deyil, eyni zamanda inzibati işlər, hakimlərin hazırlığı və s. üçün kifayət edir. Buna görə də Milli Gimnastika Arenasında olduğumuz üçün çox qürur duyuruq.
Ölkəmiz haqqında təəssüratlarınız necədir?
- Yeni bir şəhərə səfər etmək, əlbəttə ki, yeni insanlarla, yeni mədəniyyətlə tanış olmaq deməkdir. Düzünü desəm, şəhərdə çox az olmuşam, amma görürəm ki, burada köhnə və yeni memarlığın maraqlı bir harmoniyası var. Həmçinin biz bu tədbiri həyata keçirməyə olduqca həvəsli olan, dostcanlı insanlarla tanış olduq.