İdman

gimnastikadan

başlayır

"Biz burada Azərbaycanın ən güclü idmançıları ilə məşq etməyi sevirik"

28 avqust 2024


Polşalı tamblinq üzrə məşqçi Sebastiyan Sundellə müsahibəni diqqətinizə çatdırırıq. Müsahibə Polşa idmançılarının Bakıda keçirilən təlim-məşq toplanışında iştirakı zamanı baş tutub. 
Azərbaycanda təlim-məşq toplanışınız necə keçdi?
-    Buraya on günlük təlim-məşq toplanışına gəlmişik. Biz burada Azərbaycanın ən güclü idmançıları ilə məşq etməyi sevir, onlardan texniki elementləri öyrənirik. Düşünürəm ki, biz sizin məşqçilərdən çox şey öyrənə bildik, çünki siz bu idman növündə dünyanın ən yaxşılarındansınız. Bu, idmançılarım üçün böyük motivasiyadır. Proses yaxşı gedir, amma, təəssüf ki, buraya gələ bilməyən, zədəli idmançılarımız var.
Milli Gimnastika Arenasını bəyəndinizmi?
-    Arena əladır. Sizdə olan avadanlıqlar Polşada yoxdur. Tamblinqdə uğur qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Bura məşq üçün yaxşı yerdir.
Azərbaycana ilk səfərinizdirmi?
-    Xeyr, ikinci dəfədir, buraya gəlirəm. İdmançılarımın isə ilk səfəridir, onlardan yalnız biri 3 il əvvəl mənimlə yarışda iştirak edib.
Bakını gəzməyə vaxtınız olubmu?
-    Sizin gözəl şəhəriniz var, insanlar mehriban və dürüstdürlər. Onlar qayğıkeşdir və ehtiyac duyduğunuz halda sizə kömək etməyə hazır olurlar. Məncə, bura turistlər üçün yaxşı yerdir. Evə qayıdanda hamıya buraya gəlməyi tövsiyə edəcəyəm.