04 aprel 2022
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski Milli Gimnastika Arenasında davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak edən polşalı gimnastlar ilə görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə görüş barədə və ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- İlk dəfədir ki, Milli Gimnastika Arenasında yarışları izləyirəm. Etiraf edim ki, yarışların təşkilatçılığı, iştirakçıların səviyyəsi olduqca yüksəkdir. Burada həmçinin polşalı gimnastlarla görüşdüm. Onlarla yarışın gedişatı barədə müzakirələr apardıq. İdmançılar bildirdilər ki, təmsilçilərimiz finala vəsiqə əldə ediblər və qarşıdakı yarışlara daha böyük əzmlə hazırlaşacaqlar. Onlar həmçinin burada iştirakdan məmnum olduqlarını və Azərbaycanda keçirilən yarışlara böyük həvəslə qatıldıqlarını dedilər.
Polşa və Azərbaycan arasında bir sıra sahələrdə güclü münasibətlər mövcuddur. Bu ruh idmanda da davam edir. Ümid edirəm ki, bu cür faydalı görüşlərimiz gələcəkdə də olacaq.