İdman

gimnastikadan

başlayır

Selcan Mahsudova: “Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm”

13 fevral 2022

 Selcan Mahsudova: “Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti fevralın 12-13-də Bakıda keçirilən batut gimnastikası üzrə Dünya kubokunun gümüş mükafatçısı Selcan Mahsudova ilə müsahibəni təqdim edir. 
- Selcan, ilk növbədə səni qazandığın gümüş medal münasibətilə təbrik edirik. Yarış təəssüratlarını bizimlə bölüşərdin.
- Fərəhli haldır ki, Dünya kubokunun gümüş medalını qazandım. Yarışlara uzun müddət idi ki, hazırlaşırdım. Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm. Məşqlər üçün mənə yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, məşqçilərimə, bu medalın qazanılmasında mənə dəstək olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm.  
- Yarışlar yeni qaydalara əsasən keçirildi. Yeni qaydalara əsasən çıxış etmək psixoloji cəhətdən sənin üçün çətin olmadı ki?
Mən deyərdim ki, yeni qaydalar əsasında çıxış etmək daha rahatdır. Çünki indi bizə təsnifat mərhələsində çıxış üçün iki dəfə şans verilir. Bu isə idmançının özünəinamlı çıxış etməsi baxımından bir sıra üstünlüklər yaradır. Məsələn, birinci dəfə çıxışın istədiyin kimi alınmırsa, ikinci dəfə proqramı daha rahatlıqla icra edə bilərsən.  
- Rəqiblərini necə dəyərləndirdin? 
- Əsas rəqiblərim Rusiya və Belarus gimnastları idi. Buna baxmayaraq, əsas məqsədim öz proqramımı dəqiq yerinə yetirmək və finala yüksəlmək idi. Finalda isə bütün diqqətimi elementlərin təmiz icrasına yönəltmişdim.
- Qələbəni kimə həsr edirsən? 
- Qələbəmi dünyadan köçmüş nənəmə həsr edirəm. Onun mənim böyüməyimdə, idmanı davam etdirməyimdə çox böyük zəhməti olub.