İdman

gimnastikadan

başlayır

"Bizim burada olmağımız artıq qazanılan böyük təcrübə və bilik mübadiləsi deməkdir"

05 sentyabr 2024


Beynəlxalq dərəcəli hakim, məşqçi və Qırğızıstan Gimnastika Federasiyasının birinci vitse-prezidenti Natalya Rentellə hazırladığımız müsahibəni sizə təqdim edirik.
Bakıda təlim-məşq toplanışlarınız necə keçir?
- Təlim-məşq toplanışı əla keçir. Məni belə böyüklükdə, bir idmançı üçün lazım olan hər şeyin cəmləndiyi bu kompleks təəccübləndirdi. Burada olduqca böyük genişlikdə və xeyli sayda xalça var. Gimnastların səhhətində problem yaranarsa, tezliklə sağalmalarına imkan verən tibb mərkəzi, yataqxana, həmçinin əla yeməklər mövcuddur.
Azərbaycana birgə gəldiyiniz nümayəndə heyətinin tərkibi barədə məlumat verərdiniz.
- Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandamız ilə təlim-məşq toplanışında iştirak edirik. Həmçinin böyüklərdən ibarət qrup hərəkətləri komandası da formalaşdırdıq. Ümid edirik ki, bu heyət bundan sonrakı beynəlxalq turnirlərdə işıq saçacaq, keyfiyyətli iş görəcək və yaxşı performans nümayiş etdirəcək.
Bizim gimnastika ənənələrimiz məşqlər zamanı sizə necə kömək edir?
- Məncə, bizim burada olmağımız artıq qazanılan böyük təcrübə və bilik mübadiləsi deməkdir. Azərbaycanda olduğu kimi məşq qrafiki və mükəmməl mütəxəssislərlə biz lazımi təcrübə, bilik və bacarıqlar əldə edib gələcəkdə tətbiq edə biləcəyik.
Bura ilə bağlı ən çox yadınızda qalan nə olacaq?
- İlk dəfədir ki, burada təlim-məşq toplanışında iştirak edirəm, amma əvvəllər buraya dünya kubokları və dünya çempionatları zamanı gəlmişəm və hakim kimi çalışmışam. Məşqçi kimi ilk dəfədir ki, burada yer alıram. Ən çox yadımda qalan bir çox gimnastika növləri üzrə fəaliyyət göstərən bu geniş idman kompleksidir. İdmançılar özlərini bütünlüklə məşqlərə həsr edə biləcəkləri bir dam altında məşq edirlər. Burada heç kim sizə “zaldan çıxın və ya xalçaları yuvarlayın” deməyəcək. Biz burada olduğumuza görə Qırğızıstan Respublikasının Gimnastika Federasiyasının rəhbərliyinə və təbii ki, Azərbaycan Gimnastika Federasiyasına çox minnətdarıq. Xoş qarşılanmaya görə çox sağ olun.