26 oktyabr 2024
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bu növ üzrə atletlərin nümayəndəsi Siyana Vasileva ilə məşqçilər üçün keçirdiyi seminardan sonra etdiyimiz müsahibəni sizə təqdim edirik.
Seminar nələri əhatə edirdi?
- Bu, çox mühüm hadisədir. Biz burada öyrənmək istəyini bildirən məşqçilərlə toplaşmışdıq. Tədris etdiyim material mühüm fundamental mövzudur. Söhbət gimnastlara uşaqlıqdan nələrin aşılanmasından gedir. Bu, onların firəvan gələcəyi üçün lazımdır. Məşq prosesini necə düzgün aparmalı, bu yaşda hansı psixoloji cəhətləri nəzərə almaq lazım olduğundan danışdım.
Hazırkı nəsil təlimçilər ilə bölüşə biləcəyiniz zəngin təcrübənizi necə qiymətləndirərdiniz?
- Düşünürəm ki, yaxşı təcrübəm var. 14 ildir ki, Azərbaycan millisində çalışıram. Əvvəlcə gimnast, 5 ilə yaxındır ki, məşqçi kimi fəaliyyət göstərirəm. Ümid edirəm ki, paylaşdıqlarım faydalı olacaq.
Seminar zamanı təlimçilər nə dərəcədə fəal idilər?
- Məşqçilər çox fəal idilər. Mən çox bəyəndim. Sual verdilər, danışdıq. Nəticə bir növ monoloq deyil, gözəl söhbət oldu. Biz özümüz üçün çox şeyə aydınlıq gətirdik. Bütün Azərbaycanda təlimçilərin eyni metodika ilə işləməsi çox vacibdir.
Azərbaycanda gənc nəsil gimnastları necə qiymətləndirirsiniz?
- Bizim inanılmaz uşaqlarımız var. Çox gözəl qızlar, hündürboy, bədii gimnastikaya uyğun bədən quruluşları var. Onlar daha çox şey edə bilərlər. Bizim çox gözəl gələcəyimiz var. Hər gün daha çox uşaq bu idman növü ilə məşğul olur. Bu sahə getdikcə daha da yaxşılaşır.