İdman

gimnastikadan

başlayır

Altay Həsənov: Bakı regionun idman paytaxtına çevrilir

18 fevral 2016

Altay Həsənov: Bakı regionun idman paytaxtına çevrilir

Altay Həsənov: Bakı regionun idman paytaxtına çevrilir

“Sabah Bakıda start götürəcək idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku Azərbaycanda ilk dəfədir ki, keçirilir”, bunu Trend-ə müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bildirib.

Onun sözlərinə görə, bu, əhəmiyyətinə görə çox ciddi Kubokdur: "Bu Olimpiya ilində belə növ turnir cəmi üç ölkədə - Böyük Britaniya, Yaponiya və Azərbaycanda - keçirilir. Biz bu hüququ haqlı olaraq əldə etmişik, çünki azərbaycanlı gimnastlar idman gimnastikasında uğurlar əldə etməyə başlayıblar. Biz bədii gimnastikada artıq çoxdan zirvədəyik və hər zaman dünyanın ən güclü yığmaları ilə rəqabət aparırıq. İdman gimnastikasında isə biz hələ ilk addımlarımızı atırıq və gördüyünüz kimi, bizim addımlar olduqca uğurludur - bizi tanıyırlar, ölkəmizə gəlirlər. Buna görə də həmişəki kimi bizdən təşkilati baxımdan yarışları ən yüksək səviyyədə keçirəcəyimizi gözləyirlər".

A.Həsənov bildirib ki, bunu Dünya Kubokuna gəlmiş nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin bugünkü istiqamətləndirici iclası da göstərdi, onların, demək olar, heç bir sualı yox idi: "Bu, həmçinin Federasiyanın, Təşkilat Komitəsinin çox yaxşı hazırlaşmasının da bir göstəricisidir".

Onun sözlərinə görə, Federasiya azərbaycanlı idmançılardan yaxşı çıxış gözləyir.

"Hələ mövsümün başlanğıcıdır. Qarşıda ən əsas turnirimiz - Rio-de-Janeyro Olimpiaya Oyunları var. Yarışların Bakıda keçirilməsi yaxşı göstəricidir, doğma divarlar bir tərəfdən kömək etsə də, digət tərəfdən çox məsuliyyətli olduğundan həyəcanı artırır. Buna görə də onların əhəmiyyətli yarışlar  - Avropa çempionatı və Olimpiya Oyunları öncəsi belə bir sınaqdan keçməsi çox yaxşıdır", - deyə, A. Həsənov qeyd edib.

O, həmçinin əlavə edib ki, xüsusilə ölkənin bədii gimnastika üzrə iri yarışların keçirilməsində təcrübəsi nəzərə alınmaqla Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkili böyük fayda verəcək: "Biz təcrübə qazanırıq, idmançılarımız Bakıya məmnuniyyətlə gələn dünyanın qabaqcıl gimnastları ilə rəqabət aparırlar. Sirr deyil ki, Bakı regionun özünəməxsus idman paytaxtına çevrilir. Çünki burada yarışlar çox yaxşı keçirilir, qonaqları isə çox yaxşı qarşılayırlar. Düşünürəm ki, hamı buradan razı gedir".

O, əmin olduğunu bildirib ki, Bakıya təşrif buyurmuş idmançılar və nümayəndə heyətlərinin üzvləri adəti üzrə buradan yaxşı təəssüratlarla ayrılacaqlar.

 

 “Trend” İnformasiya Agentliyi, 18 fevral 2016-cı il