İdman

gimnastikadan

başlayır

ALİYƏ QARAYEVA: TABLODA SOYADIMIN YANINDA 3 RƏQƏMİNİ GÖRƏNDƏ, ANLADIM Kİ, "BÜRÜNC" MÜKAFATÇIYAM

28 sentyabr 2011

ALİYƏ QARAYEVA: TABLODA SOYADIMIN YANINDA 3 RƏQƏMİNİ GÖRƏNDƏ, ANLADIM Kİ,

Bədii gimnastika üzrə dünya çempionatının bürünc mükafatçısı Aliyə Qarayeva ilə müsahibə

- Aliyə, səni medal və olimpiya lisenziyası qazanmağın münasibətilə təbrik edirik!

- Çox sağ olun! Etiraf edim ki, bu dünya çempionatı çox həyəcanlı keçdi. Moskvada ötəndəfəki çempionatla müqayisədə mübarizənin gərginliyi çox yüksək idi. Bu, başa düşüləndir, çünki ancaq medallar uğrunda yox, həm də lisenziyalar üçün mübarizə gedirdi! Bir il bundan qabaq mən belaruslu Melitina Stanyuta ilə çoxnövçülük üzrə mükafat uğrunda mübarizə aparırdım və mənə bir neçə onluq bal çatmamışdı, amma indi hər şey alındı və mən xoşbəxtəm.

Mənim son çıxışım - lentlə hərəkətlər çox gözəl alındı və hakimlər onu layiqincə - 28,45 balla qiymətləndirdilər.

- Amma burada da - Monpelyedə "büdrəmələr" oldu...

- Hə, birinci növdən sonra mən 4-cü, ikincidən sonra 6-cı, üçüncüdən sonra yenidən 4-cü idim. Sonra bolqarıstanlı Silviya Miteva - şübhəsiz, çox güclü gimnastdır və məni bütün yarış boyu qabaqlayırdı - halqanı xalçanın kənarına buraxdı və mən bu fürsətdən istifadə etdim.

- Bəs nə vaxt anladın ki, çoxnövçülükdə bürünc mükafatçısan?

- Sona qədər inanmaq olmurdu ki, mən "bürünc" mükafat qazanmışam, lakin tabloda soyadımın yanında 3 rəqəmini görəndə, öz-özümə dedim: "Afərin, Aliyə".

- İndi bu medal sənin kolleksiyanda xüsusi yer tutacaq.

- Əlbəttə, onun qiyməti ayrı-ayrı növlər üzrə qazandığım mükafatlardan daha çoxdur. Axı, bu mükafat olimpiya kateqoriyasında əldə olunub! Mən bu uğuru London 2012-ci il Yay Olimpiya Oyunlarında da təkrar etməyi çox istərdim. Amma çox çalışmaq və cidd-cəhdlə məşq etmək lazımdır. İnşallah, hər şey yaxşı alınar! Bütün məşqçilərə və mütəxəssislərə təşəkkür etmək istəyirəm, çünki onlar məni bu çempionata hazırlayıblar. Eləcə də yorulmadan məni dəstəkləyən azarkeşlərə, bizim idman növünün inkişafı üçün heç nəyi əsirgəməyən Mehriban xanım Əliyeva başda olmaqla, Federasiyamıza minnətdarlığımı bildirirəm.

- Çempionatın qalan günlərində nə ilə məşğul olacaqsan?

- Bu gün çıxış edəcək qrup halında iştirak edən qızlarımıza azarkeşlik edəcəyəm. Sonra isə dincəlmək!