10 sentyabr 2009
Mie şəhərində (Yaponiya) keçirilən bədii gimnastika üzrə dünya çempionatının dördüncü günü Azərbaycan gimnastları üçün uğurlu alınmışdır.
Aliyə Qarayeva topla hərəkətlərdə gümüş mükafatşı olmuş, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayevadan ibarət komanda isə bürünc medallara yiyələnmişdir. Bununla da, gimnastlarımız 2007-ci ildə Patrasda keçirilən dünya çempionatının nəticələrini yaxşılaşdırıblar. O zaman bizim hesabımızda bir medal var idi – komanda hesabında bürünc mükafat.
- Biz şadıq ki, iki il əvvəlki nəticəni yaxşılaşdırmışıq – deyə Aliyə Qarayeva Day.az-a müsahibəsində demişdir. – Biz komanda hesabında mövqelərimizi qoruyub saxlamış, bundan əlavə ayrı-ayrı finallarda daha bir medal əldə etmişik.
- Çempionatın ilk dörd günü çıxışlarınızdan məmnunsunuzmu?
- Bəli. Xüsusilə də bu gün. Məşqçilərimin tapşırıqlarının yerinə yetirmək üçün əlimdən gələni etməyə çalışdım. Əvvəlki günlərdə ip və halqa çıxışlarda səhvlərə yol vermişdim. Amma topla final daha yaxşı alındı, buna görə də mən 2-ci yerə sahib oldum.
- Top sizin sevimli alətinizdir?
- Bu, mənim çox xoşuma gəlir, amma mən digər alətlərlə də yaxşı davranmağa çalışıram.
- Bu dünya çempionatında bütün növlərdə qalib gəlmiş Yevgeniya Kanayevanın tayı-bərabəri yoxdur. Topla finalda siz onun ardınca yarışı bitirdiniz. Kanayevanın rəqabətdən kənar olduğunu nəzərə alsaq, sizi mini-dünya çempionu adlandırmaq olarmı?
- Bu halda həddən çox mini-çempion olacaq. Dünya çempionu tək olmalıdır! Mən dünya çempionatının gümüş mükafatçısıyam!
- Komanda birinciliyində ən güclü üçlük sırasına birgə daxil olduğunuz komanda yoldaşlarınızın çıxışlarını necə qiymətləndirirsiniz?
- Bizim komanda hesabında üçüncü olmağımızda onların əməyi çox böyükdür. Anna da, Zeynəb də komandanın ən yüksək yer tutması üçün hər şeyi etdilər. Özünüz də gördünüz ki, bizimlə Ukrayna yığması arasında 3-cü yer uğrunda necə də gərgin mübarizə gedirdi. Hətta bir müddət biz dördüncü idik, lakin sonradan bürünc mükafatı əldə edə bildik.
- Sentyabrın 11-i sizi və Annanı çoxnövçülükdə final çıxışları gözləyir. Öz şanslarınızı necə qiymətləndirirsiniz?
- Biz artıq Azərbaycan komandasının nəyə qadir olduğunu göstərdik. Belə deyək – proqramı minimum dərəcədə yerinə yetirmişik, amma bununla kifayətlənmək fikrimiz yoxdur. Bundan sonra da layiqli çıxış edib tamaşaçıları, hakimləri və məşqçilərimizi sevindirməyə, eləcə də özümüz də çıxışlarımızdan həzz almağa çalışacağıq.
Bu uğurla əlaqədar ölkəmizi, bütün idman azarkeşlərini, federasiyamı təbrik etmək istəyirəm.
Day.Az