İdman

gimnastikadan

başlayır

ALİYƏ YUSUPOVA: MARİANA VASİLEVA GİMNASTIN SƏHVİNİ NECƏ DÜZƏLTMƏYİ HAMIDAN YAXŞI BİLİR

08 dekabr 2013

ALİYƏ YUSUPOVA: MARİANA VASİLEVA GİMNASTIN SƏHVİNİ NECƏ DÜZƏLTMƏYİ HAMIDAN YAXŞI BİLİR

Artıq bir neçə gündür ki, məşhur qazaxıstanlı gimnast Aliyə Yusupova Bakıda səfərdədir. O, Azərbaycan paytaxtına öz yetirmələri ilə gəlib. Aliyə Yusupova öz karyerası, Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva ilə əməkdaşlığı, eləcə də Azərbaycan paytaxtına bundan əvvəlki səfəri ilə bağlı danışıb.

- Mən iki gimnastımı Bakıya gətirmişəm və artıq bir neçə gündür ki, biz Azərbaycan Gimnastika Federasiyasının zalında məşq edirik. Mariana Vasileva onlara ustad dərsi keçəcək. Mən onu çoxdan tanıyıram və onun işi mənim xoşuma gəlir.

- Azərbaycan Gimnastika Federasiyasının yeni zalı xoşunuza gəlirmi?

- Mən bu zalda ilk dəfədir oluram və bura mənim çox xoşuma gəlir. Bu qədər çox sayda gənc gimnast görmək xoşdur. Onların məşqlərinə əsasən Azərbaycan gimnastikasının inkişafı barədə mühakimə yürütmək olar. İnkişaf təkcə infrastruktur planında getmir, idmançılar da inkişaf edir. Əlbəttə, Qazaxıstan gimnastikasının inkişaf yolları Azərbaycandakından fərqlənir, axı biz Asiyaya daxilik, bizim gimnastlarımız Avropa çempionatlarında iştirak edə bilmirlər. Biz sizin idmançılarınız və məşçilərinizlə yalnız Olimpiadalar və dünya çempionatlarında görüşürük.

- Bu zalla yanaşı, siz şox güman ki, yeni Gimnastika arenasının tikintisini də gördünüz. Burada gələn il Avropa çempionatı və Avropa Oyunları-2015 keçiriləcək.

- Mən orada olmağa imkan tapmadım və Avropa çempionatında, eləcə də Avropa Oyunlarında da iştirak etməyəcəyik. Amma 2019-cu il dünya çempionatına mütləq gələcəyəm.

- Əgər səhv etmiriksə, Qazaxıstanda sizin adınızı daşıyan idman məktəbi var?

- Haqlısınız. O, üç il əvvəl, mən karyeramı başa vurduqdan sonra açılıb. Və bu qısa müddət ərzində oraya 150-yə yaxın uşaq gəlib. Buraya isə mən başqa məktəblərdən gələnləri gətirmişəm. Mən yığmanın baş məşqçisiyəm, amma uşaqlarla məşğul oluram. Yığmada mütəxəssislərin tam bir komandası çalışır. Hər il Şımkənddə Aliyə Yusufova mükafatı uğrunda beynəlxalq turnir keçirilir. Yeri gəlmişkən, bu il orada Azərbaycandan bir qız uğurla çıxış etdi. Təəssüf ki, adını xatırlaya bilmirəm.

- Jalə Piriyeva?

- Bəli. Mən Vasileva ilə gələn il yığma komandanı turnirə gətirmək barədə razılığa gəldim. Etiraf edim ki, onların çıxışlarını izləmək mənə maraqlıdır. Azərbaycanlı gimnastları görmək xoşdur. Xüsusilə, dünya çempionatının finalına çıxan Lalə Yusifovanı qeyd etmək istəyirəm. Bu, milli kadr üçün böyük nəticədir. Lakin o, daha çox məşq etməlidir. Eləcə də çox perspektivli olan Marina Durundanı qeyd etmək istəyirəm.

- Təcrübəli gimnast kimi, onların zəif nöqtələrini qeyd edə bilərsinizmi?

- Hamıda müsbət və mənfi tərəf var. Hesab edirəm ki, Marina Vasileva çox güclü məşqçidir və bu gimnastlara nə lazım olduğunu hamıdan yaxşı bilir. Və inanın ki, onların səhvlərini necə düzəltməyi də o bilir.

- Siz ötən onilliyin məşhur gimnastlarından birisiniz, iki dəfə Olimpiya Oyunlarında iştirak etmisiniz və dəfələrlə Azərbaycan yığmasının liderləri ilə görüşmüsünüz.

- Mən Afina Olimpiadasında dördüncü oldum, Alina Kabayeva, İrina Çaşşina və Anna Bessonovadan geri qaldım, Pekində isə Yevgeniya Kanayeva, İnna Jukova, eləcə də Bessonova və Olqa Kapranova məni üstələdilər. Yeri gəlmişkən, Pekində məndən sonra, altıncı yeri sizin gimnastınız Aliyə Qarayeva tutdu. Mən qızların hamısı ilə dostluq edirəm.

- Ümid edirik ki, məşq günlərində siz şəhəri gəzməyə vaxt tapdınız?

- Əlbəttə. Əvvəllər mən iki dəfə Bakıda olmuşam. Birinci dəfə medal qazandığım dünya kubokunda və dünya çempionatında. Şəhər dəyişib, böyüyüb, gözəlləşib. Mən öz qızlarımı da ekskursiyaya aparmışdım, onlara maraqlı oldu. Onlar sizin qızlarınızla möhkəm dost olublar. Ümumilikdə, Bakıda olmaq mənə xoşdur, hər dəfə çox səmimi qarşılayırlar. Bu mənə evi xatırladır. Azərbaycan və Qazaxıstan nədəsə oxşardırlar.

- İki yığmanın əməkdaşlığını siz necə görürsünüz?

- Birgə toplantıların keçirilməsi pis olmazdı. Bu barədə Vasilevaya deyəcəyəm.

- Yeri gəlmişkən, qızınız hələ gimnastika ilə məşğul olmağa başlamayıb?

- Əminənin hələ üç yaşı var. Hiss edirəm ki, gimnastika onu cəlb edir, lakin qızımı tələsdirmək istəmirəm. Əgər qanda bir damla maraq varsa, o, məşğul olacaq.