04 iyun 2013
- Çempionat ilə bağlı nə deyə bilərsiz?
- Biz bu çempionata hazırlaşanda müəyyən məqsədlərimiz, vəzifələrimiz var idi və indi artıq deyə bilərəm ki, biz bu məqsədlərimizə çatdıq. Qızlarımız gümüş medalları qazandılar. Avropa çempionatında böyük rəqabət, çətinlik var idi. Rusiya yığmasından sonra Azərbaycan gimnastları ikinci oldu. Bu, böyük nailiyyətdir. Bədii gimnastikanı başa düşən adamlar bilir ki, Azərbaycan gimnastları necə yüksək səviyyəyə qalxıblar. Yarış zamanı böyük dəstəyə görə bizim səfirliyimizə, ARDNŞ-nin Vyanadakı nümayəndəsinə Gülmirzə Cavadova və Avstriyadakı Azərbaycanın Mədəniyyət Mərkəzinə xüsusi minnətdarlığımı bildirirəm.
- Senior gimnastlar da yaxşı çıxış etdilər…
- Bəli, siz haqlısız. Marina Durunda və Lalə Yusifovanın çıxışlarına gəlincə, onlar yeniyetmə idilər, artıq bu ildən böyük formatlı çıxışlara keçiblər. Çünki Olimpiya dövrəsindən sonra Aliyə Qarayeva artıq idmanı tərk edib, çıxış etmir və bu qızlar onun yerini tutublar. Biz qitədə dördüncü yerdə idik, dördüncü yerdə də qaldıq. Yəni biz öz mövqeyimizi itirmədik, daha da möhkəmləndirdik. Bu da böyük nailiyyətdir, ona görə də başda Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva olmaqla, bütün sıravi işçiləri təbrik edirəm. Hər kəsin əməyi böyükdür. Bütün idman həvəskarlarını təbrik edirəm.
- İndi bütün Avropa Bakı-2014 yarışını gözləyəcək...
- Düzdü, gələn il Avropa çempionatı Bakıda keçiriləcək. Azərbaycanın artıq bu sahədə təcrübəsi var. Ümumiyyətlə, Azərbaycan həm beynəlxalq turnirlərin təşkilində, həm irimiqyaslı yarışların sahəsində çox böyük təcrübə toplayıb. Buna görə də Avropa Gimnastika İttifaqının rəhbərliyi deyir ki, Azərbaycanda yarış yaxşı, uğurlu keçəcək, çünki bilirlər ki, biz bunu bacarırıq. Bakıda artıq Təşkilat Komitəsi yaradılıb və ilk iclasımız da keçirilib. Biz hazırlaşırıq ki, Avropa çempionatını yüksək səviyyədə keçirək və gələn il Bakıda nailiyyətlərimiz də olsun. Mən ümid edirəm ki, hamı razı qalacaq - həm qonaqlar, həm də azarkeşlər.