İdman

gimnastikadan

başlayır

Altay Həsənov: “Milli Federasiya Baş katibinin Avropa Gimnastika İttifaqının prezidentliyinə namizədliyinin irəli sürülməsinin vaxtı çatıb”

04 mart 2016

Altay Həsənov: “Milli Federasiya Baş katibinin Avropa Gimnastika İttifaqının prezidentliyinə namizədliyinin irəli sürülməsinin vaxtı çatıb”

“Milli Gimnastika Arenasında beynəlxalq səviyyəli yarışların keçirilməsində Azərbaycanın böyük təcrübəsi var”, bunu Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənov jurnalistlərin martın 5 və 6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıq haqda suallarını cavablandırarkən deyib.

A.Həsənovun sözlərinə görə batut gimnastikası bundan əvvəl belə inkişaf etmədiyindən, bu gimnastika növü üzrə Dünya Kuboku Bakıda ilk dəfə keçirilir.

"Cəmi iki il əvvəl batut gimnastikasının populyarlaşdırılmasına başlamışıq. İlk dəfə olaraq, İlk Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə də yarışlar keçirildi. Hazırda bu, birinci Dünya Kubokudur. Məhz bu turnirlə Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə beynəlxalq yarışlarının təqvimi başlayır. Düşünürəm ki, təşkilatçılıq baxımından hazırıq. Bizə yalnız idmançılar komandasını hazırlamaq qalır", deyə, o bildirib.

Gimnastikanın bu növündə cari il Olimpiya Oyunlarına lisenziyanın qazanılmamasından təəssüf etdiyini bildirən Vitse-prezident, bununla belə, Azərbaycan gimnastlarının Bakıda yaxşı çıxış edəcəklərinə ümid etdiyini qeyd edib.

"Gimnastikanın digər növləri kimi, bu növünü də inkişaf etdirməyə davam edəcəyik. Bizim Milli Gimnastika Arenamız çox gözəl, unikal və qeyri-adidir. Burada idmançılar, məşqçilər, hətta valideyn və onların övladları üçün şərait yaradılıb. Bildiyiniz kimi, yarışlar zamanı müxtəlif əyləncələr təşkil edirik. Arenada çoxlu gənc nəsil nümayəndələrini, uşaqları ilə gəlmiş valideynləri görmək olar, onlar burada darıxmırlar. Ən əsası budur, axı bu, idmanın populyarlaşması deməkdir. Nəticələrin əldə olunması ilə yanaşı, ən vacib məqsədlərdən biri həm də gəncləri cəlb etməkdir. Və biz buna nail oluruq. Gimnastika Azərbaycanda çox populyarlaşıb - təkcə, artıq 10 ildən çoxdur məşğul olduğumuz və inkişaf etdirdiyimiz bədii gimnastika deyil, həm də idman gimnastikası və batut gimnastikasına əhali arasında maraq var", deyə Həsənov diqqətə çatdırıb.

Altay Həsənov, gimnastika bölmələrində məşğul olan uşaqların sayının çox olduğunu qeyd edib. "Belə getsə, yerlərimiz qalmayacaq. Biz digər növləri, aerobikanı, akrobatikanı da inkişaf etdirməyə çalışacağıq və bunu artıq edirik", deyə, o bildirib.

Vitse-prezidentin sözlərinə görə, Azərbaycanda bədii gimnastikanın yenicə inkişaf etməyə başladığı dövrlərdə, demək olar, tamaşaçı yerləri yarıyadək boş idi, lakin bir neçə il ərzində azarkeşlər yarışlara gəlməyə başladılar.

"Təşviqatdan başqa, gəlib baxmaq istəyi də olmalıdır. Bədii gimnastikada bu istək yüksək səviyyədədir, idman gimnastikasında da artıq irəliləyiş var. Batut gimnastikasına gəlincə, bu növ üzrə yarışlara da biletlər satılır. Bu bizim üçün qeyri-adi görünə bilər, lakin insanlar baxmaq istəyirlər və biz heç kəsi məcbur etmirik. İlk Avropa Oyunlarında başqa cür idi. O zaman bir arenada gimnastikanın bütün 6 növü var idi", deyə, Altay Həsənov diqqətə çatdırıb.

Onun sözlərinə görə, Bakıda Dünya Kubokunda tribunalar boş olmayacaq.

"Yarışlar reklam olunur, KİV-də Dünya Kuboku mərhələsi barədə elan olunmuşdu. Fikrimcə, tamaşaçılar üçün maraqlı olacaq. Bizim üçün bu yenidir. Qoy gəlsinlər, peşman olmazlar. Ardıcıl olaraq ikinci ildir ki, beynəlxalq aləmdə fəaliyyətləri ilə fərqlənən federasiyalar siyahısına daxil oluruq. Buna görə bizə hətta pul mükafatı da veriləcək. Biz ardıcıl olaraq çox sayda yarışlar keçiririk və bundan başqa, demək olar, bütün iri miqyaslı yarışlarda iştirak edirik, idmançılarımızı, nümayəndə heyətlərimizi göndəririk, bir sözlə, dünya gimnastika həyatında fəal iştirak edirik”, deyə, A.Həsənov qeyd edib.

Onun sözlərinə görə, idman sahəsində peşəkar fəallarımız da artıq yetişib. “Beynəlxalq Gimnastika Federasiyasında nümayəndəmiz də var. Federasiyamızın Baş katibi Fərid Qayıbovun eyni zamanda Avropa Gimnastika İttifaqının vitse-prezidenti olması çox əhəmiyyətlidir. Bəyan etmək istəyirəm ki, özümüzdə o qədər imkan və güc hiss edirik ki, Avropa Gimnastika İttifaqına gələn il keçiriləcək prezident seçkilərində Fərid Qayıbovun namizədliyini irəli sürəcəyik. Fikrimcə, o, Azərbaycanda yetişən, gimnastika dünyasında böyük hörməti olan, layiqli idman fəalıdır. Biz onu dəstəkləyəcəyik. Ümid edirik, o, daha da irəli gedəcək. Sizin dəstəyinizə də ümid edirik", deyə, Vitse-prezident bildirib.

“Trend” İnformasiya Agentliyi, 4 mart 2016-cı il