İdman

gimnastikadan

başlayır

Marina Durunda: Əsas vəzifə Bakıda Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir

21 iyul 2016

Marina Durunda: Əsas vəzifə Bakıda Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir

“Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etmək bizim əsas vəzifəmizdir” – deyə, Trend-ə Azərbaycan gimnastı Marina Durunda deyib.

Onun sözlərinə görə, idmançılara Rio Olimpiadası ərəfəsində maksimum hazırlıqlarını göstərmək, Azərbaycanı layiqincə təmsil etmək və proqramın bütün 4 növü üzrə sabit çıxış etmək lazımdır: "Mən doğma divarların kömək edəcəyinə ümid edirəm, bununla yanaşı, məsuliyyət böyükdür. Əlbəttə, gərginlik hiss olunur, lakin bunun öhdəsindən gəlmək lazımdır".

Əsas rəqiblərinə gəlincə, M.Durundanın sözlərinə görə, onların arasında Rusiya, İsrail və Bolqarıstandan gimnastlar olacaq.

Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi 22-24 iyul tarixlərində Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.

Yarışda ümumilikdə 17 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq, Livan gimnastları da çıxış edəcəklər.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

“Trend” İnformasiya Agentliyi, 21 iyul 2016-cı il