15 fevral 2016
Azərbaycan gimnastı: “Məşqlərdəki zəhmətimiz özünü yarışlarda göstərəcək
“Azərbaycan gimnastlarının məşqlər zamanı çox səbirlə və gərgin çalışmağı böyük turnirlərdə özünü göstərəcək,” bunu Azərbaycan gimnastı Petro Paxnyuk fevralın 19-da Bakıda idman gimnastikası üzrə ilk dəfə start götürəcək FIG Dünya “Challenge” Kuboku ərəfəsində “Trend” İnformasiya Agentliyinə müsahibəsində deyib.
"Biz bu yarışlara yorulmaq bilmədən var gücümüzlə hazırlaşırıq. Bütün günümüzü idman zalında keçiririk və fikrimcə, gərgin əməyimiz yarışlarda özünü büruzə verəcək və necə çalışmışıqsa, o, nəticəni də əldə edəcəyik", - deyə, Paxnyuk bildirib.
Onun sözlərinə görə, Dünya Kuboku 2016-cı ilin ilk böyük turniridir. "Mövsümün bu ilk yarışı bizim üçün çox məsuliyyətlidir, çünki biz ona ev sahibliyi edirik. Bundan sonra isə mərhələlərlə Olimpiadaya hazırlaşacağıq. Bizim ölkədə keçirilən Dünya Kubokundan sonra mart ayında Qətərdə daha biri, apreldə isə Rio-de-Janeyroda lisenziyaların oynanılacağı Test Turniri keçiriləcək", deyə, Paxnyuk bildirib.
O qeyd edib ki, Milli Gimnastika Arenası yarışlara artıq 100 faiz hazırdır: "Arena Dünya Kubokuna hələ yarışlara iki həftə qalmış hazır idi. Turnirə çox yaxşı gimnastlar qatılacaq. Yaponiyadan çox ciddi komanda, İsraildən bir neçə yüksək səviyyəli gimnast gələcək. Ukrayna stabil olaraq yaxşı idmançılarla iştirak edir, yəni rəqabət ciddi olacaq".
Xatırladaq ki, idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku mərhələsi, 2016-cı ilin 19-21 fevral tarixlərində Bakıda – ötən ilin yayında Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışların təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutacaq. Kubokda ayrı-ayrı alətlər üzrə finallarda medallar uğrunda 19 ölkədən 46 kişi və 22 qadın mübarizə aparacaq. Ümumilikdə isə nümayəndə heyətlərinin tərkibində Bakıya 146 nəfər təşrif buyuracaq. Yarışın 1-ci və 2-ci günü təsnifat mərhələsi keçiriləcək. Ayrı-ayrı alətlər üzrə final həyəcanı isə yarışın son günü olacaq. Fasilələr zamanı tamaşaçılar üçün maraqlı müsabiqələr və əyləncəli fləş-moblar təşkil olunacaq.
“Trend” İnformasiya Agentliyi, 12 fevral 2016-cı il