06 mart 2016
Batut gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak etmək üçün Bakıya təşrif buyurmuş gimnastlar yarışların yüksək səviyyədə təşkilindən məmnun olduqlarını bildiriblər.
Onlar bu yarışların iştirakçıları üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Belarus batutçusu Hanna Harchonak bildirib ki, Bakıda Dünya Kubokunda qızıl medal qazanmaq onun üçün böyük hədiyyədir.
"Bir az çətin idi. Birincisi, finalın səhər saatlarında olması bir az bizim üçün yeni idi. Axşam saatlarında tullanmaq daha asandır. Proqram çətindir, rəqiblərim də biri digərindən güclüdür. Layiqli çıxış nümayiş etdirmək üçün çox cəhd göstərməli oldum. Bu, ilk növbədə öz üzərimdə qələbəmdir, çünki proqram yeni idi. Düzünü desəm, təsnifat mərhələsində də öndə olmağıma baxmayaraq, qızıl medal qazanacağıma ümid etmirdim. Qızlar hami güclüdür. Əvvəlcədən çətin olacağını bilirdim. Fikirləşirdim ki, ən yaxşı halda ilk üçlüyə düşəcəyəm. Buna görə də bu mənim üçün böyük hədiyyədir", deyə, gimnast qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan növbəti dəfə çox gözəl təşkilatçılıq qabiliyyətini göstərməyi bacardı.
"Burada İlk Avropa Oyunları zamanı olmuşam və çox gözəl təşkilatçılıq işi ilə yanaşı, tamaşaçıları da xüsusi qeyd etmək istərdim. Belarusda yarışlara az sayda azarkeş gəlir və çox sakit davranırlar. Sizdə isə azarkeşlər idmançılarını ucadan dəstəkləyirlər, bu çox gözəldir", deyə, Belarus idmançısı əlavə edib.
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi və sinxron çıxışlarda qızıl medal qazanmış Rusiya batutçusu Dmitri Uşakov isə qeyd edib ki, Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək Avropa Çempionatına böyük məmnuniyyətlə qayıdacaq.
O, bildirib ki, qızıl medal qazanmasına görə çox şaddır və çıxışından tam razıdır.
"Cüzi səhvlərə baxmayaraq, qələbə qazana bildim. Bütün yarışlar ərzində Bakı və İlk Avropa Oyunları barədə xoş təəssüratlarla bağlı yaxşı əhval-ruhiyyə var idi və bu çox kömək etdi. Kubok mərhələsi əla təşkil edilib, yarışlar tam cədvələ uyğun gedir. Bu, çox əladır. Milli Gimnastika Arenası artıq mənə uğur gətirən məkana çevrilir. Böyük məmnuniyyətlə 2018-ci ildə Avropa Çempionatında iştirak etmək üçün bura gələcəyəm", deyə, o bildirib.
Hərəkətlərin icrası üzrə ən yüksək xal topladığına görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatını qazanmış Polşa idmançısı Artur Zakrjevski isə qeyd edib ki, Bakıda batut gimnastikası üzrə Dünya Kuboku onun iştirak etdiyi ən yaxşı yarışlardan biridir.
Yarışlar ən yüksək səviyyədə təşkil edilib. "Bu mənim iştirak etdiyim ən yaxşı yarışlardan biridir. Mükafatıma gəlincə demək istəyirəm ki, yarım il əvvəl Polşada mənim nəticəm ən aşağı nəticə idi, lakin indi mən ən yaxşı idmançılar sırasındayam. Bu mənim iştirak etdiyim ilk finaldır. Bu, həmçinin Polşa üçün 1980-ci ildən bəri fərdi yarışlarda ilk finaldır, buna görə özümlə fəxr edirəm", deyə, gimnast bildirib.
Britaniya gimnastı Ketrin Driskol vurğulayıb ki, Azərbaycan növbəti dəfə idman yarışlarını möhtəşəm təşkil etdiyini nümayiş etdirdi.
“Mən artıq İlk Avropa Oyunları zamanı Bakıda olmuşam. Demək istəyirəm ki, təşkilatçılıq növbəti dəfə möhtəşəmdir. Dünyadakı hər bir arena belə şəraitlə öyünə bilməz. Mən, həmçinin insanların səmimiyyətini və azarkeşləri qeyd etmək istəyirəm, onlar çox yaxşıdırlar", deyə, Driskol qeyd edib.
“Trend” İnformasiya Agentliyi, 6 mart 2016-cı il