İdman

gimnastikadan

başlayır

Ayşin Öztürk: Bakıda məşqlər üçün gözəl şərait var

27 avqust 2014

Ayşin Öztürk: Bakıda məşqlər üçün gözəl şərait var

 

Yayın son günlərində Türkiyənin yığma komandası, ODTU (Orta Doğu Teknik Universitesi) klubunun üzvləri ölkəmizin paytaxtında təlim-məşq toplanışlarına qatılıblar. Klubun baş məşqçisi Ayşin Öztürk səfərinin məqsədi, həmçinin sentyabr ayının sonunda Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya  Çempionatı və bədii gimnastika aləmindən danışdı.


Bildiyimiz qədər, bu sizin Bakıya ilk səfəriniz deyil. Yenidən bura gəlməyinizdə məqsəd nədir?
Biz Bakıya qarşıda gələn Federasiya Kuboku (Türkiyə) və Türkiyə Çempionatına hazırlaşmaq üçün gəlmişik. Biz öz ölkəmizdə də məşq edə bilərdik, lakin burada şərait çox gözəl olduğundan, məhz bura gəlmək qərarını verdik.


Arena haqda təəssüratlarınız necədir?
Bugünə qədər mən və düşünürəm ki, heç kim beləsini görməmişdi. Biz Avropa Çempionatına gəlmişdik və bu yarışın iştirakçıları olaraq ilk dəfə arenanı görürdük. Təbii ki, bura bizi valeh etdi və buna görə təlim-məşq toplanışları üçün məhz bura gəldik.


Şəhəri gəzmək üçün vaxtınız oldumu? Xüsusi olaraq nələri bəyəndiniz və nələr xatirinizdə qaldı? Sonuncu səfərinizdən sonra şəhər çox dəyişilibmi?
Bu mənim Bakıya 6-ci səfərimdi, buna görə də bir neçə dəfə şəhəri gəzmək imkanım olub. Bu dəfə biz Qədim Şəhəri, Dənizkənarı Parkı gəzdik, hətta şəhəri “quş uçuşu baxışından” gördük, mən şəhəri tanıma
dığım tərəfdən kəşf etdim. Bu dəfə, yenidən bərpa olunmuş binalar bizim diqqətimizi çəkdi və hər dəfə mənzərə daha ahəngdar və tam olur.


Bildiyimiz qədər siz Mariana Vasilevanın keçmiş yetirməsisiz. Hazırda, bir məşqçi kimi onun işinə yanaşma tərzini necə qiymətləndirirsiz?
Əlbətdə, gimnast olduğum vaxtarda mən ona başqa gözlə baxırdım. Biz onu məşqçi və daha çox ana kimi qəbul edirdik. Lakin indi məşqçi olaraq, onu həmkarım olaraq görürəm. Mariana Bakıda elə bir şərait yaradıb ki, bütün  işçiləriylə dostluq münasibətlərini qoruyub saxlaya bilir. Həmçinin, hər hansı bir işçisinə başqa tərzdə fikir bildirirsə, heç kəs ona əks getmir və dediyinə əməl edirlər. Bu qarşılıqlı anlayış çox vacibdir. Mariana öz məqşçilərinin işini kiçiltmir, onların işi hər zaman göz önündədir. Biz və bütün dünya bunu görür.


Siz Türkiyənin keçmiş çempionusuz. Sizin yarışlarda iştirak etdiyiniz gündən bu günə bədii gimnastikada nə kimi dəyişiklik olub?
Düşünürəm böyük müqayisələr edə bilməyəcəm. Lakin, mən gimnast olduğum vaxtlarda beynəlxalq turnirlərə və yarışlara getmək üçün belə şərait yox idi. Hazırda, xarici yarışlara gedən gimnastları məşqçiləri də müşayiət edə bilir və bu Türkiyə bədii gimnastikası üçün çox vacibdir. Əlbətdə, indi dünyada bu idman növü yüksək səviyyədə inkişaf etdirilib. Vizual təqdimat –  idmançıların xalçada nümayiş etdirdikləri və tamaşaçıların bu nümayişlərə münasibəti, bədii gimnastikanı dünyada vacib idman növlərindən birinə çevirib.


22-28 sentyabr tarixlərində İzmir şəhərində mövsümün ikinci yarısının ən vacib idman tədbiri – bədii gimnastika üzrə Dünya Çempionatı keçiriləcək. Bu yarışa necə hazırlaşırsız?
Bu çempionat Türkiyə və bizim federasiya tərəfindən təşkil olunanan ən böyük idman tədbiri olacaq və burada mənim şəxsən öz missiyam var. Biz bu mövzuda çox təcrübəyə malik deyilik və xüsusi imkanlara sahib olmadan, bu çempionatın təşkili üçün lazımi bütün şəraiti yaratdıq. Çempionatın təşkilində bütün komanda çalışır. Yarış zalından əlavə, bura gələcək idmançılar üçün ayrıca məşq zalı tikilir. Çempionatdan sonra bu zal bizə hədiyyə qalacaq, İzmir isə bədii gimnastika mərkəzi olacaq.