28 fevral 2013
Türkiyənin bədii gimnastika üzrə yığma komandasının üzvləri Bakıda Azərbaycan gimnastları ilə birgə təlim-məşq toplanışı keçiriblər. Bakı Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərdə əsasən yeni qaydalar, yeni proqramlarla bağlı məşqlər keçirilib. On gün davam edən təlim-məşqlərdə gimnastlar həm də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırlar.
Paytaxtımızda təlim-məşq toplanışında olan Türkiyə nümayəndə heyətinin rəhbəri Berfin Serdil Sütçü tanınmış gimnast olub. O, uşaq yaşlarından idmana böyük maraq göstərib və bədii gimnastika ilə məşğul olmağa başlayıb. Berfin Serdil Sütçü bir sıra yarışlarda uğurla çıxış edərək mükafatalayiq yerlər tutub. O, səkkiz il Türkiyə milli komandasının şərəfini qoruyub. Berfin Serdil Sütçü hazırda Türkiyə Gimnastika Federasiyasının Texniki Komitəsində işləyir.
- Çox sevinirik ki, bizim gimnastlar Bakıda təlim-məşq toplanışındadırlar. Təlim-məşqlərdə əsasən yeni hərəkətlərin qurulması, yeni qaydalarla bağlı məşqlər keçirik. Bakı bizim üçün doğma bir şəhərdir. Burada özümüzü Türkiyədəki kimi hiss edirik. Təlim-məşqlərin keçirilməsi üçün Bakı Olimpiya İdman Kompleksində hərtərəfli şərait yaradılıb. Qeyd edim ki, Azərbaycanda perspektivli gimnastlar var. Gimnastlarınız müxtəlif mötəbər yarışlarda uğurla çıxış edərək mükafatalayiq yerlər tuturlar. Biz hazırda qrup komandasının üzvləri ilə birgə məşqlər keçirik. Fərdi növdə çıxış edən gimnastlarınız Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Bu yarışda onlar uğurla çıxış edərək 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Biz onlarla da birgə məşq keçəcəyik. Hesab edirəm ki, idmançılarımızın Bakıda təlim-məşq keçməsi onların hərtərəfli hazırlığında böyük rol oynayacaq. Qeyd edim ki, biz Azərbaycan gimnastlarını birgə təlim-məşq keçmək üçün Türkiyəyə dəvət etmişik.
Yeri gəlmişkən qeyd edim ki, hazırda Türkiyədə bədii gimnastika sürətlə inkişaf edir. Perspektivli gimnastlarımız üzrə çıxmaqdadır. Buyaxınlarda Türkiyə Gimnastika Federasiyasına yeni prezident seçildi. Vaxtilə idman gimnastikası ilə məşğul olan Suat Çelen federasiyasının prezidenti təyin olundu. Onun rəhbərliyi altında federasiyada köklü dəyişikliklər edilib. Federasiya prezidenti ölkəmizdə bu idman növünün inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir.
Azərbaycan gimnastlarının təcrübəsindən yararlanmağa çalışacağıq. Məlumdur ki, hazırda Bakıda müasir standartlara uyğun Milli Gimnastika Arenası inşa olunur. Məndə olan məlumata görə, Arena artıq bu ildə gimnastikasevərlərin ixtiyarına veriləcək. 2014-cü ildə Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək. İnanıram ki, bu yarışlara Azərbaycan yüksək səviyyədə təşkil edəcək.
Bədii gimnastika üzrə mili komandamızın baş məşqçisi Mariana Vasileva təlim-məşqlərin həm Azərbaycan, həm də Türkiyə gimnastları üçün əhəmiyyətli olacağını dedi:
“Artıq bir neçə gündür ki, bədii gimnastika üzrə Türkiyə yığma komandasının əsas üzvləri bizim gimnastlarımızla birgə təlim-məşqlər keçirlər. Xatırladım ki, türkiyəli idmançılar bundan əvvəl də Bakıda təlim-məşq toplanışında olublar. Amma həmin vaxt komandanın heyətində iki və ya üç gimnast iştirak edib. Təlim-məşqlərdə, əsasən, gimnastların fiziki, texniki, psixoloji və taktiki hazırlıqları üzərində iş aparılır. Türkiyəli gimnastlar bizə diqqətlə qulaq asırlar.
Bilirsiniz ki, bu ilin əsas yarışlarından biri Avropa çempionatıdır. Aparıcı gimnastika ölkələrinin təmsilçiləri qitə çempionatına ciddi və məsuliyyətlə hazırlaşırlar. Qeyd edim ki, Bakıda təşkil olunan təlim-məşqlərin nəticəsinə görə, çempionatda iştirak edəcək türkiyəli gimnastların adları müəyyənləşəcək. Yeri gəlmişkən qeyd edim ki, Avropa çempionatında Azərbaycan gimnastları fərdi və qrup hərəkətləri üzrə çıxış edəcəklər. Gimnastlarımızın bir neçəsi milli musiqinin sədaları altında bacarıqlarını nümayiş etdirəcəklər”.
Olimpiya dünyası