İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyası hər zaman məşqlər üçün ən yaxşı şərait yaradır

04 fevral 2020

Azərbaycan Gimnastika Federasiyası hər zaman məşqlər üçün ən yaxşı şərait yaradır

"Milli Gimnastika Arenası möhtəşəmdir, burada idmançı və məşqçilərin arzuladığı şərait var" - bədii gimnastika üzrə Gürcüstan milli komandasının böyük məşqçisi Eliso Bedoşvili deyib.

O bildirib ki, Gürcüstanın məqsədi 2020-ci il Tokio Yay Olimpiya oyunlarına vəsiqə qazanmaqdır:

“Azərbaycan Gimnastika Federasiyası bizi dəvət edib və bu ilki ilk yarışımıza hazırlaşmağa imkan yaradıb. Biz Moskvada keçirilən Qran-pri yarışı, eləcə də Dünya Kubokunun lisenziya xarakterli yarışlarına hazırlaşırıq. Azərbaycan Gimnastika Federasiyası bizi hər zaman dəstəkləyir, kömək edir və məşqlər üçün ən yaxşı şəraiti yaradır”.

E.Bedoşvili qeyd edib ki, Bakıya təlim-məşq toplanışına yalnız Salome Pajava gəlib, onun Olimpiya oyunlarına vəsiqə qazanmaq şansı var:

“Ona görə də ən yaxşı gimnastımızın ən yaxşı şəraitdə məşq etməsi və qarşıdakı yarışlara hazırlaşması vacibdir. Azərbaycan Gimnastika Federasiyasında çox mehriban kollektiv işləyir, onlar bizim proqramımızda çatışmazlıqları göstərir. Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva kompozisiyalarda hər bir detala diqqət verir. Bizim üçün yaxşı mütəxəssislərin fikri çox vacibdir”.

Qeyd edək ki, gürcüstanlı gimnast Salome Pajava Bakıda təlim-məşq toplanışlarına iştirak edir.