İdman

gimnastikadan

başlayır

Beynəlaxalq Gimnastika Federasiyasının nümayəndəsi: “Azərbaycan batut gimnastikası üzrə Dünya Çempionatını qəbul etməyə hazırdır”

02 mart 2016

Beynəlaxalq Gimnastika Federasiyasının nümayəndəsi: “Azərbaycan batut gimnastikası üzrə Dünya Çempionatını qəbul etməyə hazırdır”

“Azərbaycan batut gimnastikası üzrə Dünya Çempionatını qəbul etməyə tam hazırdır”, bunu Trend İnformasiya Agentliyinə müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruş deyib.

FIG-nin nümayəndəsi Bakıya növbəti gəlişi onda yaxşı təəssüratlar yaratdığını qeyd edib.

"Üçüncü dəfədir ki, Bakıdayam və bura mənim çox xoşuma gəlir, Bakı gözəl şəhərdir. Hətta bu gün başıma maraqlı hadisə gəlib. Səhər saatlarında şəhəri gəzirdim, kafeyə daxil oldum. Cibimdə bir manat belə yox idi. Kofe aldım, kredit kartı ilə ödəniş etdim, sonra isə kafe çalışanlarından xahiş etdim ki, ödənişi kredit kartı ilə edə bilməyim üçün mehmanxanayadək aparacaq taksi sifariş etsinlər. Pulumun olmadığını öyrəndikdə, onlar taksi pulunu özlərinin ödəyəcəklərini bildirdilər. Demək istəyirəm ki, görün, Bakı necə qonaqpərvər şəhərdir! Mən yaxşı mənada çox təəccübləndim".

Turnirin təşkilinə gəlincə, D.Polyaruş qeyd edib ki, burada hər şey ən yüksək səviyyədədir.

"Əlbəttə, əsas hissə hələ qarşıdadır, lakin hazırda hər şey möhtəşəm və çox gözəldir. Kompyuter texnikası və digər avadanlıqlar artıq hazırdır, hər şey yenidir və əla işləyir", - deyə, o qeyd edib.

Onun sözlərinə görə, martın 5-i və 6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokuna Rusiya, Belarus, Yaponiya və ABŞ-dan ən güclü idmançılar gələcəklər: "Buna görə də Dünya Kubokunun səviyyəsi kifayət qədər yüksək olacaq. Hərçənd ki, bu cari ilin ilk turniridir, fikrimcə, idmançılar yaxşı çıxış etməyə hazırdırlar, çünki onları apreldə Rio-de-Janeyroda keçiriləcək Test Turniri gözləyir".

D.Polyaruş şübhəsiz ki, Azərbaycanın batut gimnastikasında böyük gələcəyi olduğunu əlavə edib.

"Ölkədə artıq medallar qazanan yaxşı idmançılar var. İlya Qrişunin Bakıda I Avropa Oyunlarında bürünc medal qazandı, qadın idmançılardan isə Svetlana Makştarova çox güclüdür. Ümumiyyətlə, Azərbaycan Dünya Çempionatını qəbul etməyə hazırdır, çünki bunun üçün lazım olan hər cür şərait var: idman zalları, yüksək təşkilatçılıq, çalışqan könüllülər. Əminəm ki, Azərbaycanda Dünya Çempionatı da çox yaxşı alınardı", - deyə, FIG-nin nümayəndəsi bildirib.

O, diqqətə çatdırıb ki, 2018-ci ildə Bakıda batut gimnastikası üzrə Avropa Çempionatı, 2019-cu ildə isə bədii gimnastika üzrə Dünya Çempionatı keçiriləcək.

“Trend” İnformasiya Agentliyi, 2 mart 2016-cı il