25 may 2019
Mən məşqlərdə hərəkətləri daha yaxşı yerinə yetirirdim, nəinki Avropa çempionatının təsnifat mərhələsində.
Bunu Trend-ə Azərbaycan gimnastı Xoşqədəm Quliyeva deyib.
O bildirib ki, çıxışı zamanı həddən çox həyəcanlanıb:
“Bu da nəticədə özünü göstərdi. Ona görə də, istədiyimi kimi çıxış edə bilmədim. Əlbəttə ki, azarkeşlərin dəstəyi mənə diqqətimi toplamağa kömək etdi”.
X.Quliyeva bildirib ki, aerobika gimnastikası ilə bir il əvvəl məşğul olmağa başlayıb:
“Əvvəllər akrobatika ilə, sonra iki il bədii gimnastika ilə məşğul olmuşam. Aerobika gimnastikası ilə məşğul olmaq üçün müəyyən hazırlıq olmalıdır. Amma bu növü mən çox bəyənirəm”.
Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.
Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.