13 mart 2019
Azərbaycan gimnastı Nikita Simonov martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda fəxri kürsüdə yer almağa ümid edir.
Trend-ə müsahibəsində idmançı bildirib ki, yarışa yüz faiz hazırdır:
“Mən Dünya Kubokuna yaxşı hazırlaşmışam, məşqlər hələ də davam edir. Ümid edirəm ki, mükafata layiq yer tutacağam və finala çıxacağam. Mən çox işləmişəm və Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha çox səy göstərməliyəm”.
Özünün qələbə şanslarını qiymətləndirən gimnast qeyd edib k, böyük şansları var, amma bunun üçün çox işləmək lazımdır:
“Dünya Kubokunda rəqabət çox yüksəkdir, bir çox ölkədən idmançılar olacaq. Rəqabət hər zaman yaxşıdır. Çin və Yaponiya gimnastları çox güclüdür. Ən güclü qalib gələcək”.
Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.